AZ

Qazaxıstan Prezidenti türk şirkətlərini Orta Dəhliz infrastruktur layihələrində iştirak etməyə dəvət edib

Astana, 30 iyul, AZƏRTAC

Hazırda Qazaxıstanda təxminən 4 minə yaxın türk şirkəti fəaliyyət göstərir. Onlarla birlikdə ümumi dəyəri 6 milyard ABŞ dollarını aşan bir sıra layihələr həyata keçirilib.

AZƏRTAC, Akordanın mətbuat xidmətinə istinadən, xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu layihələr enerji, tikinti, sənaye, kənd təsərrüfatı, infrastruktur, tibb, turizm və digər mühüm sahələri əhatə edir. Qazaxıstanın Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 2,5 milyard dollardan artıqdır.

“Biz açıq və etibarlı tərəfdaş olaraq hər zaman türk sərmayədarlarını dəstəkləməyə hazırıq və şirkətlərinizi genişmiqyaslı və uzunmüddətli layihələrdə iştirak etməyə dəvət edirik. Nəqliyyat logistika əlaqələrinin gücləndirilməsi üçün əla imkanlar açılır. Ölkələrimizin strateji yerləşməsini maksimum dərəcədə səmərəli istifadə etməliyik. Hazırda Avropa ilə Çin arasında quru yolu ilə daşınan yüklərin təqribən 85 faizi Qazaxıstan ərazisindən keçir”, - dövlət başçısı deyib.

Qazaxıstan Prezidenti qeyd edib ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır.

“Bu təşəbbüs hər iki ölkənin maraqlarına cavab verir. Qazaxıstan dəmir yollarını modernləşdirir, avtomobil yolları tikir və Xəzər Dənizində gəmiçiliyin aktivləşdirilməsi üçün infrastruktur yenilənir. Biz türk sərmayədarlarını bu layihələrdə fəal iştiraka dəvət edirik. Hökumətimiz türk iş adamları üçün xüsusi güzəştlər təqdim etməyə hazırdır”, – deyə Prezident bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
26
2
azertag.az

6Mənbələr