ABŞ və Avropa İttifaqı arasında ticarət savaşının qarşısı alınmış kimi görünür. Amma məsələ burasındadır ki, Avropa İttifaqı bu savaşda ciddi zərbə alıb. Elə bu fonda ekspertlər qeyd edir ki, transatlantika münasibətlərini qarşıdakı dövrdə proqnozlaşdırmaq çətin olacaq. Buna səbəb Şotlandiyada Brüssel və Vaşinqtonun əldə etdiyi ticarət çərçivə sazişidir, onun nəticələri Avropa üçün mənfi qiymətləndirilir.
Düzdür, ABŞ-ın Aİ məhsullarına avqustun 1-dən tətbiq edəcəyi 30 faizlik genişmiqyaslı tariflər ləğv olunub. Eyni zamanda, Brüsselin buna cavab olaraq bir həftə sonra təqdim etməyə hazırlaşdığı 93 milyard avroluq cavab paketi də gündəmdən çıxarılıb. Amma əldə edilən razılaşma ciddi şəkildə ABŞ-ın xeyrinədir. 30 faizlik tariflər əvəzinə Brüssel əksər mallara – avtomobildən tutmuş yarımkeçiricilər və dərmanlara qədər – 15 faizlik tariflə razılaşıb. Polad və alüminium isə əvvəlki kimi 50 faizlik tariflə vergiyə cəlb olunacaq, ancaq kvota sistemi də tətbiq ediləcək. Kvota sistemi bəzi polad və alüminium məhsullarının ticarətini müəyyən həddə qədər yeni rüsumdan aşağı səviyyədə aparılmasına imkan verəcək. Bundan əlavə, prezident Donald Tramp Avropa İttifaqını növbəti üç il ərzində xüsusilə maye təbii qaz olmaqla, 750 milyard dollar dəyərində Amerika enerjisini almağa razı salıb. Enerji məhsullarının alışına əlavə olaraq, Aİ ABŞ-yə 600 milyard dollar investisiya qoymağa da razılaşıb. Aİ-nin 2027-ci ilin sonuna qədər Rusiya enerji idxalını tamamilə dayandırmağı qarşısına məqsəd qoyduğunu nəzərə alsaq, daha çox maye qaz almaq qərarı Aİ baxımından məntiqli görünür. Aİ eyni zamanda alternativ mənbələr kimi Yaxın Şərq, Şimali Afrika və Norveçlə də əməkdaşlığı genişləndirməyə çalışır. Digər tərəfdən, ABŞ bütün bunların qarşılığında az sayda güzəştlər təklif edib və bu, Avropa ölkələrində “təslim olmaq” və “boyun əymək” kimi reaksiyalara səbəb olub. Bu ayın əvvəlində Aİ 10 faizlik baza tarifi üzrə razılaşmaya yaxın idi – bu da Trampın ikinci prezidentlik dönəmindən əvvəlki 4.8%-lik tariflərlə müqayisədə artım deməkdir. Lakin iyulun 12-də Ağ Evin gözlənilmədən elan etdiyi 30 faizlik tarif təklifi Brüsselin daha sürətli və əlverişli bir saziş əldə etmək imkanını tamamilə pozub.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Şotlandiyada Trampla apardığı birbaşa danışıqlardan sonra bildirib ki, əldə olunmuş razılaşma sabitlik və münasibətlərdə proqnozlaşdırıla bilənlik təmin edir. Bir Aİ diplomatı isə “Radio Free Europe”ə deyib ki, Fon der Lyayen sadəcə dəhşətli bir vəziyyətdə mümkün olan ən yaxşısını etdi: “Çünki qarşısında bütün “Çin mağazasını” dağıtmağa hazır biri var idi”. Nəticədə Tramp bilirib ki, üstünlük onun tərəfindədir və Brüssel əks-hücuma o qədər də meylli deyil. Danışıqlardan agah bir Avropa rəsmisi bildirib ki, Vaşinqton çox yaxşı anlayırdı ki, Aİ-nin şərq cinahında yerləşən ölkələr ABŞ-ı narazı salmağın ciddi nəticələrə səbəb ola biləcəyinə inanırdılar. Ancaq Trampın bu regiondan ABŞ qoşunlarını çıxarmaqla bağlı heç bir təhdid səsləndirmədiyi bildirilir. O, həmçinin fərqində idi ki, irlandlar dərman ixracatını qorumaq istəyir, fransızlar spirtli içki ticarətini, almanlar isə bir neçə gün əvvəl Vaşinqtonla Tokionun əldə etdiyi sazişdə yaponlara təklif olunan eyni şərtlərlə Amerika avtomobil bazarına çıxışı təmin etmək arzusundadırlar. Avropalı rəsmilərdən biri qeyd edib: “Tramp sadəcə bizim zəif cəhətlərimizi başa düşürdü”. Kağız üzərində indi elə görünür ki, ABŞ Avropanı yalnız ticarət sahəsində deyil, ümumilikdə istədiyi mövqeyə gətirib. Bu ilin əvvəlində Haaqada keçirilən NATO sammitində Avropa müttəfiqləri və Kanada 2034-cü ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağa razılaşıblar. Ardınca isə həmin ölkələr Ukraynaya göndəriləcək silahların məhz ABŞ istehsalı olacağı barədə razılıq əldə ediblər. Lakin bu razılaşmalara diqqətlə baxdıqda, bir çox boşluqlar ortaya çıxır. Müdafiə xərcləri məsələsində nəzərdə tutulan 5%-in yalnız 3,5%-i sərt, yəni real hərbi texnika və texnologiyalara yönəldilməlidir və bir çox ölkələr artıq bu hədəfə çatmaqda çətinlik çəkəcəklərini etiraf ediblər. Ukraynaya silah göndərmək üçün ABŞ istehsalı məhsulların alınması ideyası isə əslində yeni deyil. Ölkələr bu məsələdə istək göstərsələr də, əsas problem hazırda Qərbin məhdud istehsal gücü və artıq yüklənmiş təchizat zəncirləridir. Ticarət sazişi ilə bağlı da xeyli sayda istisnalar və güzəştlər mövcuddur. Xatırlatmaq yerinə düşər ki, bu, sadəcə bir çərçivə sazişidir və onun detallarının - xüsusilə də mühüm məqamları – qarşıdakı həftələrdə razılaşdırılması gözlənilir. Vaşinqton və Brüssel artıq təyyarələr, yarımkeçiricilər, strateji xammallar, eləcə də bəzi kimyəvi maddələr və kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı sıfır tarif tətbiqinə razılaşıblar. Gələcək həftələrdə, Atlantik okeanının hər iki tərəfindəki lobbiçilik səylərinin güclənməsi ilə bu siyahıya daha çox məhsulun əlavə olunacağı gözlənilir. Avropa İttifaqının əksər Avropa mallarına 15 %-lik əsas idxal rüsumunun tətbiqi və iki müttəfiq arasında transatlantik ticarət müharibəsinin qarşısının alınması ilə bağlı ABŞ ilə çərçivə sazişi imzalaması birlikdə müxtəlif reaksiyalar doğurub və heç də birmənalı qarşılanmayıb. Fikirlər alqışlardan və rahat nəfəs almağın verdiyi rahatlıqdan tutmuş, sözün əsl mənasında, Aİ-nin Donald Trampın iradəsinə tabe olmasına qədər müxtəlif səpkidə olub. Fransanın Baş naziri Fransua Bayru qeyd edib: “Bu, qara gündür. Çünki öz ortaq dəyərlərini və ümumi maraqlarını müdafiə etmək üçün birləşmiş azad xalqların ittifaqı asılılıqla barışdı”. Macarıstanın baş naziri Viktor Orban özünəməxsus üslubda razılaşmanı sərt şəkildə tənqid edərək bunun razılaşma olmadığını bildirib: “ABŞ istədiyi hər şeyə nail oldu”. İspaniya və İtaliyanın baş nazirləri - Pedro Sançes və Giorcia Meloni isə razılaşmanın müsbət hal olduğunu, amma bütün detallar məlum olmadığından daha dəqiq qiymət verməyin çətin olduğunu söyləyiblər. Almaniya kansleri Fridrix Merts isə bu razılaşmanın ixracyönümlü Almaniya iqtisadiyyatına ağır zərbə vuracaq ticarət münaqişəsinin qarşısını almağa kömək etdiyini xüsusi qabardıb. O, xüsusilə də avtomobil sənayesini vurğulayaraq, hazırda 27,5 % səviyyəsində olan tariflərin demək olar iki dəfə azalaraq 15 %-ə çatdırılacağını qeyd edib.
Samirə SƏFƏROVA