“Hər bir komandanın güclü və zəif tərəfləri var.
Necə ki, onların, eləcə də bizim. Lakin təəccübləndirən tərəflərdən biri odur ki, “Hayduk”un ispan baş məşqçisi komandanın oyun fəlsəfəsini tamamilə dəyişib.
Futbolçular daha intizamlı, daha istəklidirlər. Bunu ilk oyundan hiss etmək olurdu.
Hər iki komanda mərhələni keçmək istəyir. Düşünürəm ki, səfərdə bizi maraqlı oyun gözləyir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la matçı üçün Xorvatiyaya yollanmazdan əvvəl əvvəl "CBC Sport"a açıqlamasında deyib.
43 yaşlı mütəxəssis ehtiyat qüvvə baxımından "Hayduk" “Zirə”dən daha üstün olduğunu vurğulayıb:
“Hazırda komandaların heç biri fiziki cəhətdən ideal formada ola bilməz. Mövsümün ikinci oyununa çıxırıq. Bakıdakı görüşün ikinci hissəsində də gördük ki, dinamika düşmüşdü. Bu da mövsümün əvvəlinin olması, eləcə də hava şəraiti ilə bağlıdır. Belə məqamda artıq ehtiyat qüvvə işə düşür. O baxımdan da rəqibin üstünlüyü var. İştirak ərizələri daha genişdir, üstəlik, 4-5 yetirmələri əsas heyətdə oynayır. Həmçinin zədəlilərimiz də var. Bir sözlə, ehtiyat qüvvə rəqibdə daha güclü görünür. Lakin əlimizdə olan imkanlarla ən yaxşısını etməyə çalışacağıq”.
O, Bakıdakı ilk görüşdən (1:1) də söz açıb: R.Sadıqov "Hayduk"dan geri qalmadıqlarını söyləyib:
“Ötən mövsümdəki uğurlu çıxışımız futbolçularda özünəinamı daha da artırıb. Bakıdakı matçın ilk hissəsində də bunu gördük. Demək olar ki, rəqibə meydan boyu başını qaldırmağa imkan vermirdik. Lakin fasilədən sonra fərqli oyun getdi. Deməzdim rəqib daha yaxşı oynadı, sadəcə hər iki komandanın pressinqi aşağı düşdü. Son 10-15 dəqiqədə üstünlüyü ələ aldıq. Qola yaxın olan tərəf biz idik. Bir-birinə qarşı iki layiqli rəqib mübarizə aparır. İlk matç göstərdi ki, hər iki komanda digərini yaxşı analiz edib”.
İyulun 31-də keçiriləcək "Hayduk" - "Zirə" görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.