Hurriyyet.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri imzalayıb.
Əmrə əsasən, Sahil Zahid oğlu Həmidov universitetin elm və innovasiya məsələləri üzrə prorektoru təyin edilib.
1981-ci il avqustun 18-də anadan olan Sahil Həmidov 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tətbiqi kimya ixtisası üzrə bakalavriat pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Analitik kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
2003/2018, 2023/2024-cü illərdə BDU-da müxtəlif vəzifələrdə (laborant, baş laborant, müəllim, dosent) çalışıb. 2019/2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi, 2020/2022-ci ildə sektor müdiri vəzifəsində çalışıb.
2024-cü ilin 9 sentyabr tarixindən ATU-da elm və innovasiya üzrə müşavir vəzifəsində çalışıb, elm və innovasiya üzrə prorektor səlahiyyətlərini icra edib.
Respublika və xarici ölkələrin elmi mətbuatlarında dərc olunmuş 100-ə yaxın elmi əsərin və 3 kitabın müəllifidir. 40-dan çox beynəlxalq elmi konfranslarda məruzələrinin tezisləri çap olunub. ED 2.16 Dissertasiya Şurasının üzvüdür.