AZ

Putinin donanması çöküş ərəfəsində: Sonuncu aviadaşıyıcı utilizasiyaya göndərilir...

“Admiral Kuznetsov”un aqibəti Rusiya Hərbi Dəniz Qüvvələrinin böhran vəziyyətini simvolizə edir...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın “The Times” nəşri Rusiyanın yeganə aviadaşıyıcısı olan “Admiral Kuznetsov”un utilizasiyaya göndərilə biləcəyini yazıb. 2018-ci ildən istifadədən çıxarılan və hazırda Murmanskda doka alınmış gəmi, keçmiş sovet hərbi gücünün simvolu hesab edilən Rusiya Hərbi Dəniz Qüvvələrinin tənəzzülünü təcəssüm etdirir.

2017-ci ildə Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon “Admiral Kuznetsov”un Kent sahillərindən keçərkən göyə qalxan qalın qara tüstünü görərək onu “rüsvayçı gəmi” adlandırmışdı. O dövrdə bu gəmi hərbi gücün nümayişi üçün istifadə olunsa da, artıq uzun müddətdir lağ mövzusuna çevrilib. Son illərdə baş verən bir sıra qəza və nasazlıqlardan sonra gəminin taleyi qeyri-müəyyənləşib. Hazırda təmir və modernizasiya işləri dayandırılıb və hökumət daxilində gəminin saxlanılması üçün əlavə vəsait ayrılıb-ayrılmayacağı müzakirə olunur.

Bu məlumat Rusiyada Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçiriləcək əsas dəniz paradının təhlükəsizlik səbəbindən ləğv edilməsindən sonra yayılıb. Paradın ləğvinə baxmayaraq, Prezident Vladimir Putin Sankt-Peterburqa səfər edib, “Admiral Qriqoroviç” freqatına baş çəkib və Kərç yaxınlığında dron hücumunun qarşısının alınmasında gəminin rolunu yüksək qiymətləndirib. Putin, həmçinin Kronştadt adasında yerləşən Hərbi Dəniz Kilsəsini də ziyarət edib.

Prezidentin sözlərinə görə, 150 döyüş gəmisi və 15 min hərbçinin iştirak etdiyi “İyul fırtınası” təlimləri Rusiyanın dənizdəki imkanlarını nümayiş etdirir. Amma bu təlimlərdə “Kuznetsov” iştirak etmir. 1985-ci ildə Ukraynanın Nikolayev şəhərində suya buraxılan gəmidə illər ərzində bir neçə ölümcül qəza baş verib. 2016-2017-ci illərdə Suriyada Rusiya qüvvələrini dəstəkləyən gəmi mühərrik nasazlığı səbəbilə yalnız buksir müşayiəti ilə hərəkət edə bilib.

Təyyarələrin enişi zamanı iki hərbi təyyarə – MiQ-29K və Su-33 – dənizə düşüb. Bütün bunlardan əlavə, 2018 və 2019-cu illərdə təmir zamanı baş verən ayrı-ayrı qəzalarda azı iki işçi ölüb, ondan çoxu isə yaralanıb. Təmir müddəti bir neçə dəfə təxirə salınıb, korrupsiya iddiaları səsləndirilib və ümumi xərclərin 60 milyard rubla qədər artdığı bildirilir.

Artan xərclər fonunda bir çox rəsmi Kreml dairəsi həmin vəsaitin Ukraynada gedən müharibəyə yönəldilməsinin daha məqsədəuyğun olduğunu düşünür. Kreml sovet dövründən qalan silah ehtiyatlarını tükətmək üzrədir və getdikcə daha çox Çin və Şimali Koreya istehsalı sursatlara bel bağlayır.

Rusiya Hərbi Dəniz Qüvvələrinin sabiq admirallarından biri olan Sergey Avakyants bildirib ki, müasir şəraitdə klassik aviadaşıyıcılara ehtiyac yoxdur: “Bu, artıq keçmişin qalıqlarıdır. Belə böyük və baha başa gələn gəmilər müasir silahlarla bir neçə dəqiqə ərzində məhv edilə bilər.” O, gələcəyin pilotsuz və robotlaşmış sistemlərdə olduğunu vurğulayıb.

Buna baxmayaraq, Çin və ABŞ kimi ölkələr yeni aviadaşıyıcılar tikməyə davam edir. Hətta yalnız bir aviadaşıyıcısı olan Fransa belə “Şarl de Qoll”un yerinə 8 milyard avroya qədər dəyəri olan yeni gəmi inşa etməyi planlaşdırır. Böyük Britaniya isə artıq iki yeni aviadaşıyıcı istifadəyə verib.

Bəzi rus hərbi ekspertləri isə düşünür ki, Rusiya ən azı bir aviadaşıyıcıya malik olmalıdır. Onların fikrincə, “Kuznetsov” metalloma verilməli və sıfırdan müasir gəmi tikilməlidir. Amma bu, azı 2 milyard funt sterlinqə başa gələ bilər. Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun analitiki İlya Kramnik hesab edir ki, “hava dəstəyi olmadan müasir donanma fəaliyyət göstərə bilməz”.

Əgər “Kuznetsov” silinərsə və onun əvəzinə yeni gəmi tikilməzsə, Rusiya BMT Təhlükəsizlik Şurasının yeganə daimi üzvü olacaq ki, onun istismarda olan heç bir aviadaşıyıcısı olmayacaq.

Rusiya donanması, xüsusilə də Qara Dəniz Donanması, Ukraynada müharibə başlayandan bəri ciddi itkilər verib. Britaniya müdafiə kəşfiyyatının məlumatına əsasən, bu müddət ərzində Qara dənizdə 24 Rusiya gəmisi zədələnib və ya məhv edilib. Bunların arasında 2022-ci ildə batırılan və donanmanın fəxri sayılan “Moskva” raket kreyseri də var.

SSRİ dövründə inşa edilən yeddi aviadaşıyıcı və helikopterdaşıyan gəmidən heç biri hazırda Rusiyanın donanmasında yoxdur – hamısı ya satılıb, ya da utilizasiya edilib. Məsələn, “Kiyev” 1996-cı ildə Çində tematik parka satılıb və indi lüks otel kimi fəaliyyət göstərir. “Admiral Qorşkov” isə 2004-cü ildə Hindistana satılıb və 1,4 milyard funt sterlinqə yenidən qurularaq “Vikramaditya” adı ilə istismara verilib.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr