AZ

"Nüvə qışı" alimlərin güman etdiyindən daha təhlükəli ola bilər" - Elmi araşdırma

"Nüvə savaşı bəşəriyyəti necə çökdürə bilər?.."

Nüvə münaqişəsinin ehtimalı hələ də hipotetik hesab olunsa da, alimlərin apardığı son araşdırmalar bu ssenarinin nəticələrinin düşündüyümüzdən dəfələrlə ağır ola biləcəyini göstərir. 

Moderator.az xəbər verir ki, bu barədə Tsn.us yazıb.

Bəşəriyyətin öz əlilə yaratdığı donmuş cəhənnəm

Pennsilvaniya Dövlət Universitetinin tədqiqatçıları tərəfindən "Environmental Research Letters" jurnalında dərc olunan araşdırmaya əsasən, tammiqyaslı nüvə müharibəsi planetdə təkcə milyonlarla insanın həyatına son qoymayacaq, eyni zamanda Yer kürəsində kənd təsərrüfatının əsas dayaqlarını çökdürəcək. Yeni araşdırma nüvə müharibəsinin təkcə bombaların dağıdıcı gücü ilə yox, həm də iqlim, ərzaq və həyat sistemlərini məhv edən qlobal zəncirvari reaksiyalarla bəşəriyyəti necə uçuruma sürükləyə biləcəyini göstərir.

Hərbi plan deyil, qlobal intihar ssenarisi

Nüvə silahı illər boyu strateji qorxu balansının əsas elementi hesab edilib. Amma Pennsilvaniya Dövlət Universitetinin alimləri bu "silahların sükutu"nun arxasında dayanan fəlakət səhnələrini elmi dillə göz önünə sərir. Onların hesablamalarına görə, ABŞ və Rusiya arasında tammiqyaslı bir nüvə savaşı yalnız milyonlarla insanın ölümünə səbəb olmaqla kifayətlənməyəcək - bu, Yeri tanınmaz hala salan, əkin-biçin dövrlərini pozan, təbiəti donduran və aclığı sistemli hala gətirən "nüvə qışı"nı başlayacaq.

Səmada Günəş yox, tüstü hökm sürəcək

Alimlərin modelinə əsasən, nüvə partlayışlarından sonra yaranacaq yanğınlar nəticəsində atmosferə 150 milyon ton tüstü və kül qalxacaq. Bu qatı tüstü qatmanı Günəş şüalarını udaraq Yerin səthinə çatmasının qarşısını alacaq. Planetin orta temperaturu kəskin şəkildə - təxminən 15 dərəcə Selsi aşağı düşəcək. Tropiklərdə belə şaxta baş qaldıracaq. Bu, yalnız iqlim deyil, canlı həyat üçün də ölümcül ssenaridir.

Ərzaq zəncirinin qırıldığı an

Ən böyük zərbə kənd təsərrüfatına dəyəcək. Havanın soyuması, Günəşin olmaması və sürətli iqlim dəyişikliyi nəticəsində dünya üzrə əsas taxıl məhsulları - qarğıdalı, buğda və düyü kəskin şəkildə məhsuldarlığını itirəcək. Alimlər bildirir ki, qarğıdalı istehsalında 80 faizinə qədər azalma mümkündür. Bu isə deməkdir ki, milyonlarla insan bir anda ərzaq çatışmazlığı ilə üz-üzə qalacaq. Tədarük zəncirləri pozulacaq, bazar çökəcək, aclıq sosial çaxnaşmaları doğuracaq.

Ozon yox, ultrabənövşəyi zəhər

Bu ssenaridə təkcə qaranlıq və soyuq yox, həm də radiasiyanın ikinci dalğası gələcək. Partlayışlar atmosferdə ozon qatının strukturunu məhv edəcək. Günəşdən gələn UV-B şüalarının qarşısı alınmadığından bu zəhərli şüalar insanlar və heyvanlarda dəri xərçəngi, DNT zədələnmələri, immun sisteminin çökməsi kimi nəticələr doğuracaq. Bitkilər fotosintez qabiliyyətini itirəcək, dəniz həyatında zəncirvari çöküş başlayacaq.

Okeanlar da köməyə gəlməyəcək

Bəziləri üçün çıxış yolu okean ola bilərdi, ancaq bu da illüziyadır. Balıq ehtiyatları və dəniz məhsulları da iqlim şokuna cavab verəcək. Suyun temperaturu dəyişəcək, dəniz axınları pozulacaq, nəticədə balıq ovunda azalma 30 faizə yaxınlaşacaq. Yeganə xilas mövcud resursları ağılla idarə etmək və planlaşdırmaqdır.

Ən pis ssenariyə qarşı ən ağıllı hazırlıq

Tədqiqatçılar çıxış yolu kimi "nüvə qışına davamlı toxum bankları"nı təklif edir. Bu toxumlar az Günəş, sərt şaxta və qida çatışmazlığı şəraitində belə məhsul verməyə qadirdir. Lakin bu, zaman və beynəlxalq əməkdaşlıq tələb edir. Sadəcə toxum yox, həm də logistika, saxlama sistemləri, alternativ enerji və texnologiyalarla da dəstəklənməlidir. Bu hazırlıq bugündən başlamasa, sabahın həyatda qalması təsadüfə çevriləcək.

Yer üzündə həyat bir qərara bağlıdır

Bu araşdırma göstərir ki, nüvə müharibəsi yalnız silahlı qarşıdurma deyil - bu, bəşəriyyətin öz varlığını sorğu-sualsız sona çatdırdığı bir intihar aktıdır. Yerin iqlim sistemi, ekoloji tarazlığı və qida şəbəkəsi o qədər incə və bir-biri ilə bağlıdır ki, bir yanlış qərar bütöv biosferin çöküşünə səbəb ola bilər. Bircə düymə, bircə əmr, bircə səhv - və Yer donmuş, qaranlıq bir səhraya çevrilə bilər.

Seçilən
7
moderator.az

1Mənbələr