AZ

Azərbaycan Dili Günü Sabunçuda belə qeyd edildi Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

29.07.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov və Bakı Gənclər Mərkəzinin Tədbirlər və layihələr üzrə rəhbəri Kənan Şərifovun iştirakı ilə rayonun bir qrup fəal gənci Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyası ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Nizami Muzeyinin Zəngin ədəbiyyatımızın keçdiyi şərəfli yol, yazıçı və şairlərimizin ədəbi irsi muzeyin böyük elmi işçisi Gülnar Əqiqin təqdimatı ilə qonaqlarda dərin təəssürat yaradıb.

Gənclər milli ədəbiyyatımız, mədəniyyətimiz, tariximiz və incəsənətimiz barədə maraqlı məlumatlar əldə ediblər. Ədəbiyyatımız hər zaman gənc nəslin tərbiyəsində, milli kimliyinin və milli şüurunun formalaşmasında, onların bədii təfəkkürünün inkişafında mühüm rol oynayıb.

Müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun inkişafında da ədəbiyyatımız, yaxın dövr tariximiz xüsusi yer tutur. Sabunçu rayonunun gənc könüllüləri muzeyimizdə nümayiş olunan qiymətli eksponatlar vasitəsilə Azərbaycan ədəbiyyatını bir daha dərindən mənimsəyərək, bu günə qədər bilmədikləri faktlarla öz biliklərini zənginləşdiriblər.

Nizami Gəncəvinin qəbrindən tapılmış parça nümunəsi, eləcə də Nizaminin Leninqradda (Sankt-Peterburq) İkinci Dünya müharibəsi zamanı Ermitaj muzeyində keçirilmiş yubileyindən yadigar qalmış dəvətnamə gənclərin dahi şairə olan ehtiramını daha da yüksəldib.

Ekskursiyanın sonunda Milli Məclisin sədr müavini, Nizami Muzeyinin direktoru, akademik Rafael Hüseynov qonaqlarla görüşərək muzeyin yaranma tarixçəsindən söhbət açıb, bu məkanın Azərbaycanın cümhuriyyət tarixində böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Hər bir xalqın inkişafının təməlində söz və dilin durduğunu qeyd edən akademik muzeyin ədəbi-mədəni sərvətimizi qoruyub nəsillərə ötürən müqəddəs bir məkan olduğunu qeyd edib.

Akademik Rafael Hüseynov eyni zamanda Sabunçu qəsəbəsində doğulub boya-başa çatan yazıçı, II Dünya Müharibəsi iştirakçısı Hüseyn Natiqin xalqımız və vətənimiz qarşısında xidmətlərindən danışaraq yazıçının Sabunçu rayonu ərazisində xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təklif irəli sürüb.

Akademik Rafael Hüseynov çıxışında gənclərə, Vətənimizin layiqli nümayəndəsi kimi yetişməyi, ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasına sadiq olmağı, yurdun hər qarışının qədrini bilməyi, ədəbiyyatımızı, tariximizi dərindən mənimsəməyi tövsiyə etdi, gənclərə işlərində uğurlar arzulayıb.

Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva qonaqların adından muzey rəhbərliyinə minnətdarlığını bildirərək bu tədbirin “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nə həsr olunduğu qeyd etdi. R.Vəliyeva bu əlamətdar günün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini vurğulayaraq ümummilli liderin Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, qorunması, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması istiqamətində misilsiz xidmətlərindən söz açıb.

Qeyd edib ki, ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin doğma dilimizə həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatı, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlər latın qrafikasında yenidən nəşr edilib.

Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam həm də əlifba ilə bağlı problemləri həll edib. Bildirildi ki, ölkə prezidentinin 2012-ci il mayın 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam da onun ana dilimizə verdiyi böyük önəmdən xəbər verir.

Görüşün sonunda xatirə fotoşəkilləri çəkildi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
qafqazinfo.az

2Mənbələr