1 Avqust- Azərbaycanda Ana dili və Əlifba Günü kimi qeyd olunur.
Gözəl gündür!
Bu gözəl gün münasibəti ilə öncə Ulu Öndər Heydər Əliyevi ehtiramla anır, xatirəsi qarşısında baş əyirəm.
Heydər Əliyevin dühası və iradəsi sayəsində dövlət dilimizin adının məhz “Azərbaycan dili” olaraq Konstitusiyaya daxil edilməsi və dövlət dili barədə Ana Yasa maddəsinin immunitet altına alınması bizim millətləşmə prosesimizin ən böyük nailiyyətlərindəndir.O Böyük Adamın qədrini zaman keçdikcə daha çox biləcəyik.
Azərbaycan ədəbi dilinin formalaşmasının tarixini, elmi və qrammatik müstəqillik qazanmasının şərtlərini, milli identifikasiyamızın ərsəyə gəlməsində oynadığı mühüm funksional rolu nəzərə almayanlar, yaxud nəzərə almaq istəməyənlərin pafoslu çırpıntıları əbəsdir.
Dilimiz- vətənimiz, vətənimiz-dilimizdir!
Bunu söz oynatmaq xatirinə deyil, coğrafi kimliyi milli kimliyə, milli kimliyi coğrafi kimliyə qarşı qoymaq istəyənlərin elmi baxımdan qarşısında dayana bilmədikləri ən əsas tezis kimi söyləyirəm. Millətləşmə prosesində adını dövlətlərə verən millətlər olduğu kimi, adını coğrafiyadan alanlar da mövcuddur. Milli dövlətlərin yaranması və inkişafı yalnız millət-coğrafiya birgələyində mümkün olduğu üçün yuxarıdakılardan hansı halın baş verməsindən asılı olmayaraq, coğrafiya dilə, dil coğrafiya ilə eyniləşib. Bu, modernizmin ortaya çıxardığı zərurət kimi Azərbaycan türklərinin, eləcə də Azərbaycandakı digər etnik varlıqların həm xalq, həm də vətən anlayışının mərkəzində dayanıb.
Bu gün həmin mərkəzdə ana dilimizin elmi funksionallağına nəzər salmaq istəyirəm.
Elmi fəaliyyət- mütləq həqiqəti tapmaq deyil, həqiqətə mümkün qədər yaxın olan hipotezanı qurmaq deməkdir. Elmi düşüncənin əsasında məntiq, metodoloji çeviklik və təhlil qabiliyyəti dayanır.
Akademik sistem mərhələli şəkildə fərdlərdə məhz bu keyfiyyətləri yüksəldir: ali təhsilin bakalavr pilləsində tələbə ümumi nəzəri biliklərlə tanış olur, magistr səviyyəsində daha ixtisaslaşmış və analitik düşüncə qabiliyyəti qazanır, doktoranturada isə həmin sahə üzrə konkret bir problemin tədqiqinə yönəlir.
Lakin bu inkişaf zəncirinin ən yüksək pilləsinə – doktoranturaya keçid üçün bu gün Azərbaycanda bir şərt var ki, o, getdikcə daha çox intellektual snobizmə və real elmi inkişafın ləngiməsinə səbəb olur. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi xarici dil imtahanından danışıram. Bu imtahanların götürülməsində DİM-in yaratdığı xeyli fəsad var, amma indi onlardan danışmıram. Çünki, qənaətimə görə, Ana dili və əlifba günü keçirən bir toplumda elmi tədqiqata yönəlmək istəyən kadrlardan xarici dil tələb etmək, ümumiyyətlə, yersiz və ziyanlıdır.
10, 20 il əvvəl elmi ədəbiyyata çıxış üçün xarici dil bilməyi zəruri edən obyektiv şərtlər mövcud idi. Lakin bu gün İKT-nin və Süni İntellektin sürətli inkişafı ilə bu baryer demək olar ki, aradan qalxıb. Google Translate, DeepL, ChatGPT, yaxud digər sinxron tərcümə alətləri ilə tədqiqatçı istənilən mənbəyə saniyələr içində çıxış əldə edə bilir. Hətta bu gün çeşidli konfranslara qatılanlar ağıllı cihazların sinxron tərcümə xidmətindən istifadə edir, istənilən dildə təqdimatları anlayır, sual verə bilir, müzakirələrə qoşulurlar. Başqa sözlə desək, xarici dil, həm də biri yox, onlarcası, yüzlərcəsi artıq beynimizdə yox, əlimizdədir. Samballı tədqiqat aparmaq üçünsə beyin lazım, mənbələrlə işləmək, sistemləşdirmək, təhlil etmək, yeniliklər yaratmaq bacarığı vacib. Artıq toplu şəkildə əlimizdə olan xarici dilllər bu baxımdan heç bir tədqiqata dəyər qatmır. O, elmi sübut prosesində iştirak etmir!
Odur ki, 1 Avqust bizə belə bir sualı verir: ana dilimiz yalnız gündəlik ünsiyyət, poeziya və siyasət dili olmalıdır, yoxsa elmi düşüncənin daşıyıcısı kimi inkişaf etməlidir?
Cavab birmənalıdır: Azərbaycan ədəbi dili istənilən elmi ideyanı ifadə etməyə qadirdir. Bugün bu dildə yazılmış fəlsəfi məqalələr, tarix araşdırmaları, iqtisadi təhlillər və hətta dəqiq elmlərə aid dərsliklər göstərir ki, dilimizin elmi funksionallığı kifayət qədər yüksəkdir. Problem dilin özü ilə deyil, ona qarşı göstərilən etimadsızlıqla və postkolonial psixologiyadan doğan ikinci dərəcəli münasibətlə bağlıdır. Bu, sindrom cəmiyyətimizdə rus dilinə, fransız dilinə, alman dilinə, ingilis dilinə, hətta Türkiyə türkcəsinə münasibətdə də özünü kəskin biruzə verir. Hətta bəzən ehkam da kəsilir:
“İngilis dili bilmirsənsə, elmdən danışma”!