ABŞ prezidenti Donald Tramp Ukrayna ilə müharibəni bitirmək üçün Rusiyaya verdiyi 50 günlük müddəti 10 günə endirib.
FED.az xəbər verir ki, bu barədə Tramp özü Şotlandiyadan Amerikaya uçarkən təyyarədə jurnalistlərə müsahibəsində bildirib.
«Vaşinqton administrasiyası Rusiya ilə Ukraynadakı münaqişənin nizamlanmasına dair 10 gün ərzində razılığa gəlmək istəyir, əks halda idxal rüsumları tətbiq edəcək»-deyə Tramp bildirib.
Trampın sözlərinə görə, 10 günə müharibə bitməsə, Rusiyaya qarşı onun vəd etdiyi rüsumlar tətbiq olunacaq: «10 gün sonra biz tariflər və başqa şeylər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Bu, Rusiyaya təsir edə bilər və ya təsir etməyə bilər»-deyə prezident bildirib.
Trampın sözlərinə görə, Rusiya tərəfi müharibəni davam etdirmək fikrindən əl çəkməyib: «Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə müharibənin davam etməsini istəyir. Putindən heç bir cavab almamışam. Bu, təəssüf doğurur».
Tramp qeyd edib ki, Rusiyaya qarşı rüsumların tətbiq edilməsi dünyada neft qiymətlərinə təsir etməyəcək (yəni qiyməti artırmayacaq), çünki ABŞ hasilatı artıra bilər.
Xatırladaq ki, Trampın Rusiyadan narazılığı bir neçə gün əvvəl başlayıb. Rusiyaya müharibəni bitirməsi üçün 50 gün vaxt verən Tramp, rəsmi Moskvanın bununla bağlı heç nə etməməsindən məyus olub və sərt tədbirlərə qərar verib. İyulun 28-də, yəni dünən Tramp bildirmişdi ki, Ukraynadakı müharibənin həlli ilə bağlı heç bir irəliləyiş görmür.