AZ

Tokayev türk biznesmenlərini Qazaxıstana dəvət edib

Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, hazırda respublika ərazisində təxminən dörd minə yaxın türk şirkəti fəaliyyət göstərir.

"Report"un məlumatına görə, o, bu barədə türk biznes dairələrinin və rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə danışıb.

Prezidentin sözlərinə görə, artıq türk tərəfdaşlarla birgə ümumi dəyəri təxminən altı milyard dollar olan bir sıra layihələr həyata keçirilib. Bu layihələr energetika, tikinti, sənaye, kənd təsərrüfatı, infrastruktur, tibb və turizm kimi əsas sahələri əhatə edir. Bundan əlavə, Qazaxıstanın Türkiyəyə qoyduğu investisiyaların həcmi 2,5 milyard dollardan artıqdır.

“Özünü açıq və etibarlı tərəfdaş kimi sübut etmiş bir ölkə olaraq biz hər zaman türk investorlarını dəstəkləməyə hazırıq. Türk şirkətlərini böyük və uzunmüddətli layihələrdə iştiraka dəvət edirik. Nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaranıb. Bu gün Avropa ilə Çin arasında quru yolla daşınan yüklərin təxminən 85 faizi Qazaxıstan ərazisindən keçir. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin inkişafı böyük əhəmiyyət kəsb edir”, – deyə Tokayev vurğulayıb.

Prezident qeyd edib ki, Qazaxıstan dəmir yollarını fəal şəkildə modernləşdirir, yeni avtomobil yolları çəkir, Xəzər dənizində gəmiçiliyi stimullaşdırmaq üçün infrastrukturu yeniləyir. Onun sözlərinə görə, türk investorları Qazaxıstan hökumətindən xüsusi güzəştlər gözləyə bilərlər.

Görüş zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də xüsusi diqqət mərkəzində olub. Qazaxıstanın dövlət başçısı qeyd edib ki, hər il Bakı–Tbilisi–Ceyhan neft kəməri vasitəsilə Türkiyəyə 1,4 milyon ton qazax nefti ixrac olunur və bu həcmin artırılması imkanları müzakirə edilir.

“Turkiye Petroleum" şirkətinin Qazaxıstan bazarına çıxmaq niyyətini alqışlayırıq. Həmçinin bizi türk şirkətlərinin enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının inşası sahəsində təcrübəsi maraqlandırır. Qazaxıstan birgə energetika layihələrinin reallaşdırılmasına hazırdır”, – deyə Tokayev əlavə edib.

Kənd təsərrüfatı da əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi qeyd olunub. Prezident bildirib ki, Qazaxıstan Türkiyənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır, ölkə bu sahədə buğda və digər aqrar məhsulların fəal ixracatçısıdır.

Tokayev yekunda kənd təsərrüfatında türk texnologiyalarının tətbiqinə maraq göstərdiyini vurğulayıb. O, bu sahənin rəqəmsallaşdırılması, məhsuldarlığın artırılması və emalın inkişafının əhəmiyyətini xüsusilə qeyd edib.

Seçilən
5
3
xalqcebhesi.az

4Mənbələr