AZ

Putin Trampı vecinə almadı: ABŞ 10 gündən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək...

ABŞ prezidenti Putinə xəbərdarlıq etdi: əgər 10 gün nüddətində sülh razılaşması olmazsa, Rusiyaya qarşı rüsumlar və digər tədbirlər tətbiq olunacaq...

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması üçün müəyyən etdiyi son tarixi 10 günə endirib.

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə Şotlandiyadan Vaşinqtona yola düşməzdən əvvəl "Air Force One" təyyarəsində jurnalistlərlə söhbətində deyib.

“On gün... və əgər bu müddətdə razılaşma olmazsa, biz rüsumlar və digər tədbirlər tətbiq edəcəyik. Amma bunun Rusiyaya təsir edəcəyinə əmin deyiləm. Çünki Putin yəqin ki, müharibəni davam etdirmək niyyətindədir”,  deyə Tramp bildirib.

Tramp, həmçinin Rusiyadan öz ultimatumuna cavab almadığını da vurğulayıb.

“Mən Putindən heç bir cavab almadım. Təəssüf. Mən sizə demişdim, hər həftə 5 min insan ölür. İndi artıq 7 min. İnsanların başına bombalar yağır. Dəhşətli müharibədir”, deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, daha əvvəl bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Trampın ultimatum müddətini qısaltmasını nəzərə alıb.

“Biz yenə də Ukrayna ətrafındakı münaqişənin həlli üçün sülh prosesinə sadiqliyimizi qoruyuruq və bu həll prosesində maraqlarımızın təmin olunmasına çalışacağıq”, deyə Peskov qeyd edib.

Xatırladaq ki, Tramp bir gün öncə Putindən “məyus olduğunu” demiş və Rusiyaya qoyduğu 50 günlük ultimatum müddətini “10-12 günə” endirmək qərarına gəldiyini açıqlamışdı.

Əvvəlcə Tramp Rusiyaya sülh üçün 50 gün vaxt vermişdi. Lakin “Axios” nəşri qeyd edir ki, bu müddət Putinin Tramp ilə telefon danışığı zamanı dörd ilhaq olunmuş regionun tam işğalı üçün xahiş etdiyi vaxtla üst-üstə düşür.

Tramp bəyan edib ki, əgər həmin müddət ərzində sülh razılaşması imzalanmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz rüsumlar tətbiq olunacaq. “The Wall Street Journal”ın yazdığına görə, ekspertlər ABŞ-nin Çin və Hindistana qarşı sanksiya tətbiq edəcəyinə şübhə ilə yanaşır. Digər tərəfdən, Putinin bu tədbirlərə ümumiyyətlə məhəl qoymaması ehtimalı da istisna olunmur.

Poliqon.info

Seçilən
28
50
poliqon.info

10Mənbələr