AZ

Almaniyalı ikiqat Olimpiya çempionu Pakistanda Laila zirvəsinə qalxarkən ağır xəsarət alıb

Berlin, 29 iyul, AZƏRTAC

Almaniyalı ikiqat Olimpiya və dəfələrlə dünya çempionu olmuş biatlonçu Laura Dahlmayer Pakistanda Karakorum dağlarının Laila zirvəsinə qalxarkən ağır xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, həyati təhlükəsi olduğu bildirilən 31 yaşlı idmançının xilasetmə əməliyyatı çox çətin relyefdə həyata keçirilir. Hadisə yerinin helikopterlə müşahidəsi aparılarkən təcrübəli alpinistdə həyat əlamətləri müşahidə edilmədiyindən onun ən azı ağır yaralandığı ehtimal edilir.

L.Dahlmayer qış idman növləri tarixində ən uğurlu idmançılardan hesab olunur. O, 2018-ci ildə Cənubi Koreyada keçirilən Olimpiya Oyunlarında iki qızıl və bir bürünc medal qazanıb, 2017-ci ildə Avstriyanın Hoxfilsen şəhərində təşkil olunan dünya çempionatında isə beş qızıl və bir gümüş medala sahib olub. Təcrübəli idmançı dünya çempionatlarında ardıcıl mövsümlərdə ümumilikdə 13 medal, bir çempionatda isə beş qızıl medal qazanan ilk qadın biatlonçu kimi tarixə düşüb. O, Dünya Kubokunda ümumilikdə 20 qələbə qazanıb.

Qeyd edək ki, L.Dahlmeier bu titullara 25 yaşınadək nail olub. Belə ki, o, 2019-cu ildə gözlənilmədən idman karyerasını başa vurub, sonrakı illərdə isə dağ xizəyi bələdçisi ixtisası üzrə təhsil alıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
20
azertag.az

1Mənbələr