AZ

İran Araz dəhlizinə ümid edir, Zəngəzura qarşıdır - Kənan Novruzov

“Bu, kifayət qədər ciddi məsələdir. Əslində, İranın əvvəlki – İbrahim Rəisinin rəhbərlik etdiyi – hakimiyyətindən fərqli olaraq, Məsud Pezeşkianın dövründə Azərbaycanla bağlı daha loyal mövqe müşahidə olunur. Bu da onun davranışlarında və ritorikasında açıq hiss edilir. Ancaq burada İranın milli maraqları məsələsi də ortaya çıxır. Yəni, belə bir sülh sazişinin imzalanması İranın maraqlarına uyğundurmu, yoxsa yox? İranda müəyyən qüvvələr – xüsusilə radikal çevrələr və dini qruplar – bunu istəyirlərmi? Ola bilər ki, Pezeşkian istəsin, Azərbaycanla münasibətlərin yaxşılaşmasına tərəfdar olsun, lakin bu məsələdə onun iradəsi təkbaşına kifayət etmir. Bu da ayrıca bir müzakirə mövzusudur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, İran Azərbaycan və Ermənistanı sülh sazişini tezliklə imzalamağa çağırıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Tehran regionda davamlı sülh və sabitliyin təmin olunmasını vacib hesab edir və bu məqsədlə tərəfləri dialoqa və konstruktiv əməkdaşlığa dəvət edir.

Siyasi şərhçi bildirib ki, məsələnin əsas məqamlarından biri də sülh sazişinin imzalanmasının Zəngəzur dəhlizinin açılmasına şərait yarada bilməsidir.

“Fikrimcə, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Çünki İran ümid edir ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində, İrandan keçən Araz dəhlizi işə düşə bilər. Bu isə İran üçün həm daha sərfəlidir, həm də milli maraqlarına daha uyğundur. Bu baxımdan, İranın verdiyi bəyanatlara tam etibar etməkdə tərəddüd edirəm. Açığı, səsləndirilən bəyanatların səmimiliyinə şübhə ilə yanaşıram. Amma necə olmasından asılı olmayaraq, aydındır ki, hər bir ölkənin öz milli maraqları var. Əsas məsələ budur ki, hazırda İran-Azərbaycan münasibətləri əvvəlki dövrlərlə müqayisədə xeyli yaxşılaşıb. Pezeşkian kifayət qədər praqmatik siyasət yürüdür və düşünürəm ki, bu mərhələdə Azərbaycan üçün ciddi problem yaratmır. Azərbaycanın milli və strateji maraqları isə heç bir dövlətin – nə İranın, nə də başqa bir ölkənin – iradəsindən asılı deyil. Hər bir halda Azərbaycan öz məqsədlərini həyata keçirmək əzmindədir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Seçilən
11
aznews.az

1Mənbələr