AZ

"Putinin qorxusu böyüyür: ətrafında dron əleyhinə qurğular görünüb" - "Aqentstvo" nəşri

"Qırmızı Meydanda dron əleyhinə müdafiə və mobil internetin kəsilməsi..."

Bu il 9 Mayda Moskvada keçirilən Qələbə paradı təkcə hərbi parad deyil, həm də görünməz təhlükələrə qarşı qorxunun əyani göstəricisi olub.

Moderator.az xəbər verir ki, bu barədə "Aqentstvo" nəşri yazıb. Məlumatı "24tv.ua" nəşri yayıb.

Qələbə paradı, yoxsa qorxu mərasimi?

Rusiya prezidenti Vladimir Putinin ətrafında qeyri-adi bir cihaz müşahidə olunub-  ekspertlər bunun dron əleyhinə xüsusi qurğu, yəni FPV-dronların qarşısını alan "Yolka" tipli interseptor olduğunu bildirir. Bu görüntüləri ukraynalı hərbi texnologiya mütəxəssisi Sergey Beskrestnov yayıb.

Kadrlarda Putinin generallarla əl sıxdığı anlar fonunda, cəmi bir neçə metr aralıda kostyumlu bir nəfər əlinə aldığı yaşıl rəngli, qismən çexolda (örtük) gizlədilmiş texniki qurğunu saxlayır. İlk baxışdan diqqətdən qaçan bu detala müxalif və müstəqil mətbuat dərhal reaksiya verib.

Əvvəllər Putinin tədbirlərində belə texnika müşahidə olunmayıb. Ancaq Ukrayna tərəfindən artırılan dron hücumları, xüsusilə FPV-dronların hədəfləri dəqiqliklə vura bilməsi Kremli tədbirləri sərtləşdirməyə vadar edib.

Gizli texnologiya və internet qaranlığı

"Yolka" adlı bu dron-interceptor təkrar istifadə olunan katapultadan buraxılan və FPV-dronları, kamikadze aparatları, hətta "Baba Yaqa" kimi iri dronları havada məhv edə bilən kinetik qurğudur. Ənənəvi hava hücumundan müdafiə vasitələri ilə yanaşı, artıq prezidentin cangüdənləri belə texnologiyalarla silahlanıb.

Parada hazırlıq zamanı bir daha mobil internet ölkə üzrə məhdudlaşdırılıb. Bu, artıq istisna yox, normaya çevrilib. Rusiya hakimiyyəti bunu təhlükəsizliklə izah etsə də, nəticədə ölkənin 77 bölgəsində, o cümlədən döyüş bölgələrindən uzaq ərazilərdə belə kəsintilər qeydə alınıb.

Yekaterinburq, Çelyabinsk, Primorye, Sibir və Ural şəhərlərində internetin olmaması əhalinin narazılığına səbəb olub. Əməliyyatçılar hazırda Rusiya Rəqəmsal İnkişaf Nazirliyi ilə birgə bəzi "kritik" saytların və tətbiqlərin - dövlət platformalarının, bank xidmətlərinin və fövqəladə xəbər kanallarının internet kəsintisi zamanı əlçatan qalması imkanını müzakirə edir.

Kreml mühafizəsinin görünməyən ordusu

Putinin təhlükəsizliyi Federal Mühafizə Xidməti (FMX) tərəfindən təmin olunur. Bu qurum təkcə prezidentin deyil, baş nazirin, parlament rəhbərlərinin, müdafiə və xarici işlər nazirlərinin də mühafizəsinə cavabdehdir. Onların elit qrupları - snayperlər, dalğıclar, sürücülər, xüsusi reaksiya bölmələri istənilən anda tədbir görməyə hazırdır. Bu şəxslər təkcə görünməz deyil, həm də yüksək texnologiyalarla - gülləkeçirməz zontlar, müdafiə qalxanına çevrilən çamadanlar, gizli silahlar və indi isə dron əleyhinə qurğularla təchiz olunub.

Qorxu rəmzinə çevrilən parad

Bir zamanlar öz hərbi gücünü nümayiş etdirmək üçün keçirilən Qələbə paradı bu gün Putinin öz xalqına və texnologiyaya qarşı qorxusunun rəmzinə çevrilib. Görünən odur ki, Qırmızı Meydanda əsgərlərlə salamlaşan prezidentin arxasında artıq təkcə snayperlər deyil, hava hücumuna qarşı mobil müdafiə də dayanır. Müharibənin yalnız cəbhədə deyil, səmanın altında və smartfonların ekranında da getdiyi bir dövrdə Rusiya rəhbərliyi öz müdafiəsini daha da görünməz və daha da texnoloji etməyə çalışır.

Seçilən
13
moderator.az

1Mənbələr