BAKI, 29 iyul. TELEQRAF
Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci ildönümü qeyd olunub.
Teleqraf xəbər verir ki, əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, bu il Çin Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci, Çin xalqının Yaponiya təcavüzünə qarşı müharibədə və Dünya Antifaşist müharibəsində Qələbəsinin 80-ci ildönümü qeyd olunur.
“1927-ci ildə yaradıldığı gündən bəri Çin Xalq Azadlıq Ordusu ölkənin milli suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini və inkişafını qorumağa sadiqdir. Eyni zamanda, Çin Xalq Azadlıq Ordusu dünyada sülhün tərəfdarı kimi qlobal sabitliyə mühüm töhfələr verir.
Ordumuz BMT-nin sülhməramlı əməliyyatlarında, beynəlxalq humanitar yardımlarda, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında və dəniz quldurluğuna qarşı əməliyyatlarda fəal iştirak edir. Beləliklə, beynəlxalq ictimaiyyətdə sülhün, ədalətin və sivilizasiyanın avanqardı kimi tanınıb. Çin qəti şəkildə inanır ki, sülh və inkişaf bütün xalqların ortaq arzularıdır. Biz dinc inkişaf yoluna sadiq qalırıq, milli müdafiə siyasətini davam etdiririk, fikir ayrılıqlarını dialoq və əməkdaşlıq yolu ilə həll etməyə çalışırıq.
Bu yanaşma Çinin sosialist təbiətindən, müstəqil və sülhsevər xarici siyasətindən, həmçinin harmoniya dəyərlərini yüksək tutan mədəni ənənələrindən irəli gəlir. Sədr Si Cinpin bəşəriyyət üçün ortaq gələcək icmasının qurulması konsepsiyasını irəli sürərək, bəşəriyyətin ümumi problemlərinin həlli üçün yeni yollar təklif edib və daha yaxşı dünya üçün yol xəritəsi cızıb – uzunmüddətli sülh, ümumi təhlükəsizlik və ortaq rifah dünyası.
Sədr Si Cinpin, həmçinin Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürüb ki, bu da ortaq gələcək icması vizyonunun həyata keçirilməsinə yönəlib. Xüsusilə, Qlobal Təhlükəsizlik Təşəbbüsü ümumi, hərtərəfli, əməkdaşlığa əsaslanan və dayanıqlı təhlükəsizlik konsepsiyasını müdafiə edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tanınıb və dəstəklənib”, - deyə Lu Mey diqqətə çatdırıb.
Səfir Çin xalqının Yaponiya təcavüzünə qarşı müharibədə və Dünya Antifaşist müharibəsində Qələbəsinin 80-ci ildönümü ilə bağlı da danışıb. O bildirib ki, sentyabrın 3-də Çində bu əlamətdar gün münasibətilə anım mərasimi və hərbi parad keçiriləcək: “Sədr Si Cinpin bu yubiley münasibətilə mühüm çıxış edəcək. 80 il əvvəl Çin xalqı Yaponiya təcavüzünə qarşı müharibədə böyük qələbə qazanaraq dünya antifaşist müharibəsində ümumi qələbəyə mühüm töhfə verib. Çin Xalq Azadlıq Ordusu həmin qələbədə həlledici rol oynayıb”.
“Bu gün, səkkiz onillik sonra dünya hələ də ciddi çağırışlarla üz-üzədir. Hegemonluq və güc siyasəti dünya üçün ciddi təhlükələr yaradır. Biz tarixin dərslərindən öyrənməli, İkinci Dünya müharibəsinin ağır nəticələrindən və antifaşist müharibəsinin böyük qələbəsindən hikmət və güc toplamalı, bütün növ güc siyasətinə qətiyyətlə qarşı çıxmalı və bəşəriyyət üçün dinc, təhlükəsiz gələcək qurmaq üçün birgə çalışmalıyıq. Bu il həm də Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümüdür.
BMT-nin yaradılmasında məqsəd İkinci Dünya müharibəsində əldə edilmiş qələbəni qorumaq və ən əsası, gələcək müharibələrin qarşısını almaq idi. Biz BMT-ni mərkəzə alan beynəlxalq sistemi və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq qaydaları qətiyyətlə müdafiə etməliyik”, - deyə Lu Mey əlavə edib.
Çin və Azərbaycanın yaxşı dost və etibarlı tərəfdaş olduğunu diqqətə çatdıran diplomat deyib ki, iki ölkə arasında diplomatik münasibətlər qurulduğu 33 il ərzində əlaqələr sağlam və sabit inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq ölkələrin inkişaf və dirçəlişinə güclü təkan verib və xalqlarımıza real faydalar gətirib: “Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Sədr Si Cinpin və Azərbaycan lideri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaradılması barədə Birgə Bəyanat imzalayıblar. Bu, Çin-Azərbaycan əlaqələrində yeni tarixi mərhələ açıb. Çin dövlət başçılarımızın əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsi və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycanla birgə işləməyə hazırdır”.
Sonra Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Cun iki ölkə arasında hərbi əməkdaşlığın uğurla inkişaf edəcəyini diqqətə çatdırıb.
O bildirib ki, bu günədək Azərbaycanla Çin arasında hərbi əlaqələr ardıcıl olaraq möhkəmlənib: “Biz yüksəksəviyyəli mübadilə, hərbi-texniki əməkdaşlıq, o cümlədən hərbi kadrların hazırlanması və təhsili sahələrində bir sıra əməli və səmərəli tədbirlər keçirmişik. Bu əməkdaşlıq təkcə hərbi qulluqçularımızın peşəkarlıq səviyyəsini yüksəltməyib, həm də Çin və Azərbaycan silahlı qüvvələri arasında qarşılıqlı anlaşma və etimadı dərinləşdirib”.
Sun Cun Azərbaycan ilə Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının xüsusi rolunu diqqətə çatdırıb.
Diplomat bildirib ki, Çin və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq xalqlarımıza fayda verəcək: "Ölkələrimiz arasında beynəlxalq və regional əməkdaşlıq daha da inkişaf edir. Biz əminik ki, cənab Sədr Si Cinpin və Prezident İlham Əliyevin güclü rəhbərlikləri altında iki ölkə silahlı qüvvələrinin birgə səyləri ilə hər iki tərəf dialoq, strateji məsləhətləşmələr və praktik əməkdaşlıqda daha səmərəli nəticələr əldə edəcək. Çin və Azərbaycan silahlı qüvvələri arasında dostluq və əməkdaşlığı daha da dərinləşdirmək hər iki dövlətin maraqlarına tam uyğundur və şübhəsiz ki, xalqlarımıza fayda verəcək".