Azərbaycan siyasi səhnəsində bəzi fiqurlar var ki, görünməz olduqları qədər də təsirli, səssiz olduqları qədər də təhlükəlidirlər.
Onlardan biri də Rövnəq Abdullayevdir. Adı rəsmi olaraq Dövlət Neft Şirkətinin sabiq rəhbəri, iqtisadiyyat nazirinin müavini kimi təqdim olunsa da, əslində, uzun illər ölkədə qurulmuş rusiyayönlü güc mərkəzinin əsas dayaqlarından biri olub.
Moskvanın Azərbaycandakı təsir şəbəkəsinə qarşı 2020-ci ildən başlanan təmizləmə əməliyyatında bir çox adlar – Ramiz Mehdiyev, Nəcməddin Sadıkov və başqaları sıradan çıxarıldı. Lakin gizli şəbəkənin ən strateji fiqurlarından biri olan Rövnəq Abdullayev bu prosesdən nəinki sağ çıxmağı bacardı, hətta toxunulmaz zonada saxlanıldı. Bu da, təbii ki, Abdullayevin özünə olan “inam”ını artırıb.
Bütün bu proseslər fonunda Rövnəq Abdullayevin adının Rusiyanın Azərbaycandakı dərin şəbəkəsinin sağ qalmış fiqurlarından biri kimi çəkilməsi artıq təsadüf deyil. “Sputnik”, “Rus evi” kimi strukturların fəaliyyətinin məhdudlaşdırılması və nəhayət, ictimai rəyə yavaş-yavaş sızdırılan “kölgədə qalmış əlaqələr” göstərir ki, Azərbaycan daxilində Rusiyaya bağlı fiqurların ifşası mərhələli şəkildə davam edir və “toxunulmazlar siyahısı”nda olan Rövnəq Abdullayevin də “qələmi” bir gün “qırılacaq”. Necə ki, Ramiz Mehdiyev analoji halı yaşadı…
Mehdiyev də vəzifədən azad edildikdən sonra müvəqqəti olaraq başqa yerə – AMEA-ya göndərilmişdi. Lakin bu qurum onun idarəçilik sahəsində son nöqtəsi olmuşdu. Bəs Rövnəq Abdullayev eyni aqibəti yaşayacaqmı?
Onun adı bu gün Rusiya şəbəkəsinə qarşı mübarizədə açıq şəkildə çəkilməsə də, hakimiyyət daxilində paralel iqtisadi güc formalaşdırmaq və dövlətin resurslarına nəzarət etmək baxımından açıq təhlükə olaraq qalır.
Qısacası, iqtisadiyyat nazirinin müavini kimi kənarda görünsə də, bir çox düymələr hələ də onun əlindədir. Və bu düymələrə nə vaxt və necə basacağı təkcə ölkənin iqtisadi sabitliyi üçün deyil, siyasi müstəqilliyi üçün də əhəmiyyətlidir.