Mübariz Göyüşlü: "Bütövlükdə, indiki Fransa hakimiyyətinin yürütdüyü xarici siyasət kursu - anti-azərbaycan fəaliyyəti bu dövlətin tam olaraq əleyhinə işləyir"
Fransa Milli Assambleyasının bu günlərdə Azərbaycana qarşı irəli sürülən qətnamə layihəsi həm vaxt, həm də məzmun baxımından olduqca cəlbedici və siyasi məqsədlərə yönləndirilmiş bir addımdır. Fransa dövlətinin müxtəlif strukturları zaman-zaman analoji qərarlar qəbul edib.
Ona görə də bu heç də təəccüblü deyil. Hazırkı Fransa hökuməti ermənidən daha çox erməni olmağa çalışır. Çünki Ermənistan hökuməti artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağ erməniləri isə Azərbaycan vətəndaşı olaraq bu ərazidə yaşamaq istəmir. Amma Fransa hökuməti hələ də Qarabağ ermənilərinin hüquqları barədə öz fantaziyalarını sərgiləməkdə davam edir.
Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamənin əsasında yeni anti-azərbaycan kampaniyasını 2027-ci ildə keçiriləcək seçkiyə hazırlıq kimi dəyərləndirmək olarmı?
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında bildirib ki, Fransa Milli Assambleyasının qəbul etdiyi qətnanə digər dövlət strukturları tərəfindən bundan əvvəl qəbul edilən qərarlardan, rəsmi şəxslərin və hökumətə yaxın olan ictimai xadimlərin bəyanatlarından heç nə ilə fərqlənmir: "Bütün bunlar Fransa hakimiyyətinin sürdürdüyü anti-Azərbaycan, antitürk və antiislam kampaniyasının tərkib hissəsidir. Amma bunlar Fransa hökumətinin gözlədiyi nəticələri verməyəcək. Bütün bunlar Fransa hakimiyyətinin daxili problemlərinə və qarşıdan gələn seçki kampaniyasına hesablanıb. Makron hökuməti bu cür siyasi gedişlərlə daxili auditoriyada itirdiyi etimadı yenidən qazanmaq fikrindədir. Bunlar Makron və onun ətrafının azalmaqda davam edən nüfuzunu bərpa etmək cəhdləridir. Bu heç də Fransa hökumətinin Qarabağ ermənilərinə və ya Ermənistana qayğısı kimi dəyərləndirilə bilməz. Çünki Ermənistan hökuməti Dağlıq Qarabağ qarışıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, artıq Ermənistanın belə bir problemi yoxdur. Fransanın isə qaşınmayan yerdən qan çıxarmaq cəhdləri öz daxili problemlərindən qaynaqlanır. Bu proses Fransanı uçuruma yuvarlatmaqdadır. Çünki xarici siyasətdəki yanlışlıqlar Fransanın dünyada nüfuzunun itirilməsinə gətirib çıxaracaq. Azərbaycanla münasibətləri bu şəkildə qurmaq Fransanın Cənubi Qafqazda mövqelərinin tamamilə itirilməsinə səbəb olacaq. Çünki Azərbaycan regionun lider dövlətidir, bu regionda mövqeyə malik olmaq üçün birinci növbədə Azərbaycanla münasibət qurulmalıdır. Coğrafi mövqeyə görə də Azərbaycansız Cənubi Qafqazda digər iki ölkə dünya üçün heç bir strateji əhəmiyyət daşımır. Fransa hökuməti bunu nə qədər tez anlasa, bu onun özü üçün bir o qədər faydalı olar.
Fransa 21-ci əsrdə hələ də milyonlarla əhalisi olan regionları müstəmləkə altında saxlayır, amma guya Cənubi Qafqazda 100 min erməninin "hüquqları uğrunda mübarizə aparır". Paris özünü belə humanist subyekt sayırsa, əsrlərlə sərvətini sorduğu müstəmləkələrdən heç olmasa indi əl çəksin, çarəsiz əhaliyə azad və müstəqil yaşamaq hüququ versin. Bu bəlkə də Makronun seçki kampaniyasında daha uğurlu debüt olardı, nəinki Cənubi Qafqazda bitmiş münaqişəni yenidən alovlandirmağa uğursuz cəhdlər...
Bütövlükdə, indiki Fransa hakimiyyətinin yürütdüyü xarici siyasət kursu - anti-azərbaycan fəaliyyəti bu dövlətin tam olaraq əleyhinə işləyir".
Dəniz NƏSİRLİ