GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
İran Silahlı Qüvvələrinin keçmiş Əməliyyat Qərargah rəisi və SEPAH-ın Xatəm ul-Ənbiya korpusunun keçmiş komandiri general Əli Şadmaninin ölümü ilə bağlı yeni və sarsıdıcı iddia ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, rəsmi versiyanın əksinə olaraq general hava hücumunda deyil, Tehranda baş verən silahlı atışma nəticəsində həyatını itirib.
Məlumata görə, bu barədə generalın qızı danışıb və atasının İsrail xüsusi xidmət orqanı “Mossad”ın agentləri tərəfindən mühasirəyə alındığını daha sonra isə çıxan qarşıdurma zamanı öldürüldüyünü bildirib.
İran və İsrail mediasında daha əvvəl yayılan xəbərlərdə Şadmaninin İsrailin iyunun 17-də Tehrandakı qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyü deyilirdi. Hətta SEPAH (İranın İnqilab Keşikçiləri Korpusu) da iyunun 25-də yayımladığı bəyanatda bu məlumatı təsdiqləmişdi.
Qeyd edək ki, general Şadmani, 13 iyun tarixində sələfinin İsrail hücumunda öldürülməsindən sonra Xatəm ul-Ənbiya Hərbi Komandanlığına təyin edilmişdi.
Generalın yaxınlarının yaydığı yeni məlumat İran daxilində rəsmi strukturlara inam məsələsini gündəmə gətirib. Əgər bu iddialar təsdiqlənərsə, bu, həm Mossadın Tehranın mərkəzinə qədər sızma qabiliyyəti, həm də İranın təhlükəsizlik sistemindəki boşluqlar baxımından ciddi suallar doğura bilər.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.