Azər Həsrət: "Prezident İlham Əliyevin sözü ilə desək, "sanki bu təşəbbüslərin arxasından Rusiyanın qulaqları görünür"
İyulun 22-də Fransa Milli Assambleyasında Respublikaçılar Partiyasının təşəbbüsü ilə irəli sürülən və anti-Azərbaycan məzmun daşıyan qətnamə bir daha göstərdi ki, Fransa hakimiyyəti Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığin bərqərar olmasında maraqlı deyil.
Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı halda, Fransa Milli Assambleyasının ermənilərin Qarabağda öz "müqəddəratını təyin etmək hüququ"nu yenidən qaldırması nə ilə bağlıdır? Fransa hansı məqsədləri güdür, yoxsa Makron "Papadan daha çox katolik olmaq" iddiası ilə özünu seçicilərin gözünə soxmağa çalışır?
"Fransa Milli Assambleyasının bu addımı elə bu günlərdə ABŞ konqresmenlərinin bənzər addımı ilə üst-üstə düşür. Görünur, məlum qüvvələr sinxron hərəkət üçün düyməyə basıblar. Yəni Azərbaycanla Ermənistan arasında yaxınlaşma, xüsusilə də Əbu-Dabi görüşündən sonra prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın verdiyi açıqlamalar və ümumi ovqat sülhün yaxın olmasından xəbər verir. Belə bir şəraitdə hamıdan çox narahat olan, sözsüz ki, Rusiyadır. Çünki onun vasitəçilik missiyası sona çatır, ona ehtiyacın qalmadığı növbəti dəfə təsdiqlənmiş olur. Bu da Rusiyanın bölgədə gərəksizliyini sübut edir. Belə bir şəraitdə ABŞ konqresindən dövlət katibinə məlum müraciətin edilməsi və suyu bulandırma cəhdi, ardınca da Fransa Milli Assambleyasından analoji cəhdin edilməsi, qənaətimizcə, Rusiyanın hərəkətə keçməsinin nəticəsi ola bilər", - bunu baki-xeber.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçi davam edərək bildirib ki, kimlərsə Rusiyanın ABŞ-la yola getməməsini, o cümlədən də Parisin Moskva ilə qarşıdurma şəraitində olmasını əsas gətrilərək bu ehtimalın ağlabatan olmadığını güman edə bilər. Amma mən həmisə inanmışam ki, xüsusilə də Fransada ən yüksək səviyyədə, bütün bu sanksiyalara baxmayaraq, Rusiyanın əlinə oynayan yetərincə siyasi xadimlər var. Özü də onların əlində təsir imkanları heç də az deyil. Eləcə də ABŞ-də özlərinin siyasi və biznes maraqları naminə, hətta işğalçı Rusiya ilə rahat səkildə iş birliyində olan siyasilər az deyil. İstər ABŞ konqresində, istərsə də Fransa Milli Assambleyasında atılan bu addımlar mənə Rusiyanın təşəbbüsü kimi görünür. Prezident İlham Əliyevin sözü ilə desək, "sanki bu təşəbbüslərin arxasından Rusiyanın qulaqları görünür".
Dəniz NƏSİRLİ