ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “Narkotik: yeni çağırış və təhlükələr!” layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirilib.
Regional Təhsil İdarəsinin Abşeron rayonu üzrə Təhsil sektorunun inzibati binasının akt zalında keçirilən görüşdə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini və “Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinin rəhbəri Telman Məmmədov tədbir iştirakçılarını salamlayaraq, narkomaniya ilə mübarizə çərçivəsində təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Əlavə edib ki, Agentlik hər il elan etdiyi müsabiqələrdə “ağ ölüm”lə mübarizə mövzularına xüsusi həssaslıqla yanaşır.
Layihə rəhbəri Telman Məmmədov bildirib ki, layihənin məqsədi narkotiklər əleyhinə vətəndaşları səfərbər etmək, fəsadları barədə ictimaiyyəti məlumatlandırmaq, səbəbləri ilə mübarizə aparmaq, davamlı və sistemli yanaşma ilə sağlam cəmiyyətin formalaşmasına töhfə verməkdir.
Bu cür maarifləndirici tədbirlərin keçirilməsinə həssaslıqla yanaşdığına və qeyri-hökumət təşkilatlarının (QHT) təşkilatı işlərinə diqqət göstərildiyinə görə, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirən layihə rəhbəri bildirib ki, problemlə mübarizədə hər kəs səfərbər olmalı, dövlətin bu yöndə həyata keçirdiyi təşəbbüsləri dəstəkləməlidir.
O, daha sonra nəzərə çatdırıb ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir.Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxardığını söyləyən natiq vurğulayıb ki, orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Bu problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır, genişlənir.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova narkomaniya ilə mübarizə sahəsində keçirilən tədbirlərdən bəhs edib.Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təblığatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası istiqamətində yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti inistutları ilə əməkdaşlığın gücləndirilməsi və digər geniş miqyaslı məsələlərdən ibarət olduğunu iştirakçıların diqqətinə çatdıran G.Rəhimova həmçinin təmsil etdiyi rayonda bu yöndə həyata keçirilən işlərdən danışıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, polis kapitanı Şəbnəm Rzayeva, Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası, rayon komissiyasının üzvü Məhərrəm İbadov, Abşeron-Xızı Regional Gənclər İdman İdarəsinin Abşeron rayon sektoru, rayon komissiyaısnın üzvü Xannənə Ağayeva, “Müasir İnternet Resursları idarə edilməsi” İctimai Birliyinin sədri, rayon komissiyasının üzvü Zamin Zeynalov, həkim – narkoloq Ayxan Bağırov, Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova və digər qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşüblər, narkomaniya ilə mübarizə sahəsində aparılan təbliğat-təşviqat işlərinin daha da genişləndiriliməsinin vacibliyini xatırladıblar.Bildirilib ki, qalib ölkənin vətəndaşları, xüsusən də gənc nəsil dövlətin həyata keçirdiyi siyasəti rəhbər tutmalıdır.
Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər, zərərli vərdişlər, o cümlədən narkomaniya ilə mübarizə üçün təkliflərini səsləndiriblər, ekspertlərə suallarını veriblər.Görüşdə həmçinin təşkilatın hazırladığı xüsusi sosial çarx nümayiş olunub.
Qeyd edək ki, layihənin icra müddəti üç aydır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.