Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti ilə təchiz edən şəbəkə ifşa olunub.
Onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb.
Qeyd edilir ki, bu hal bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə yekunlaşıb.
Xezerxeber.az-ın məlumatına görə, DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, təmsil etdiyi qurumun keçirdiyi imtahanlarda ən vacib məqamlardan biri də prosesi müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir.
Onun sözlərinə görə, istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları Dövlət İmtahan Mərkəzinin əməkdaşları, zərurət olduqda isə hüquq-muhafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.
Rəsmi qurumlar tərəfindən hələlik neçə abuturiyentin nəticələrinin ləğv edildiyi açıqlanmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.