Məhəmməd Əsədullazadə: “Fransanın əsas məqsədi odur ki, yekun sülh sazişi imzalanmasın”
İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye (Laurent Wauquiez), habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten (Alexandra Martın) tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsinə tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi təşəbbüsünü irəli sürüblər.
Anti-Azərbaycan qətnamə bir daha göstərdi ki, Parisin Cənubi Qafqaz siyasəti tarixi obyektivlik və beynəlxalq hüquq prinsiplərindən deyil, siyasi təəssübkeşlik və imperiya nostalgiyasından qaynaqlanır. “Ermənistanla strateji tərəfdaşlıq” adı altında təqdim edilən sənəd, əslində, Fransa rəhbərliyinin Ermənistanı özünün “müstəmləkə peyki” kimi görmək istəyi və Azərbaycana qarşı uzunmüddətli qərəzli münasibətinin bariz ifadəsidir.
Görünən odur ki, Fransa özü Azərbaycana münasibətdə qərəzli olmağı azmış kimi, üstəlik, ölkəmizə qarşı Avropa Qətnaməsi təşəbbüsü ilə də çıxış edir.
“Bununla həm də Ermənistana və erməni xalqına zərbə vururlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Fransa Avropa Qətnaməsi adıyla pərdələnərək Azərbaycana qarşı məkrli siyasətini aparır: “Ermənistanı guya tərəfdaş, müttəfiq hesab etməklə, əslində elə bu dövlətə pislik edirlər. İlk növbədə onların yenidən “artsax” məsələsini gündəmə gətirməsi, ermənilərin qayıdış məsələsini gündəmə gətirməsi sülh sazişinin imzalanmasının qarşısını almaqdır. Çünki bu istiqamətdə önəmli məsafə qət edilib, sazişin bəndləri razılaşdırılıb. Ona görə də Fransanın əsas məqsədi odur ki, yekun sülh sazişi imzalanmasın və Ermənistan Parisin forpostu olsun. Təbii ki, baş verənləri Ermənistan baş naziri Nikol Paşinyan da dəstəkləməyəcək. Çünki Paşinyanla Prezident İlham Əliyev arasında Əbu-Dabidə keçirilən son görüşdən sonra sülh danışıqlarında irəliləyişlər var. Sülh sazişi mətninin paraflanması gözlənilir. Görünən odur ki, Fransa yenidən iki ölkə arasında sülh prosesini pozmaq, müharibə əhval-ruhiyyəsini yaratmağa cəhd edir. O da məlumdur ki, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər normallaşmaq üzrədir. Azərbaycan bir sıra Aİ üzvlərinə qaz ixrac edir. Belə olan halda görünür ki, həm Fransa Milli Assambleyasında, həm də digər dairələrdə bundan narahat olan qüvvələr var. Müəyyən lobbi qrupları çalışır ki, prosesi pozsunlar. Hesab edirəm ki, məlum fəallaşma bununla əlaqədardır. Ancaq bu kimi cəhdlər regionda Fransanın geosiyasi mövqeyini daha da zəiflədəcək. Bundan itirən isə Fransa olacaq. Nəzərə alsaq ki, Fransa Cənubi Qafqaz üzərindən Orta Asiya ilə tranzit əlaqələri qurmaq istəyir, bu zaman Parisin itirəcəkləri qaçılmazdır. Bununla həm də Ermənistana və erməni xalqına zərbə vururlar”.
Vidadi ORDAHALLI