Çoxmillətli dövlət olan Azərbaycandatolerantlıqənənəsi bir nümunəyə çevrilib. Əsrlər boyu mövcud olan tolerant mühit bu gün də özünü olduğu kimi qoruyub saxlayır. Azərbaycan xalqının humanist və insanpərvər münasibəti başqa xalqlara da sirayət edib.
Elə dövlətlər var ki, onların Azərbaycana qısqanc və qərəzli münasibəti, mövqeyi özünü gizlətmir. Amma biz nə xalq, nə də dövlət olaraq o ölkələrin vətəndaşlarına qarşı hər hansı bir ayrı-seçkilik etmirik.
Məsələn, Rusiya ilə münasibətlər gərginləşdi, eləcə də Fransa ilə gərginlik yaşanır. Ancaqsadə ruslara, sadə fransızlara münasibət nə dövlət səviyyəsində, nə də ictimai səviyyədə qətiyyən dəyişmədi. Görün, Azərbaycanda tolerantlıq nə qədər möhkəmdir ki, heç bir amil onu sarsıda bilmir.
Məsələ burasındadır ki, bəzi xarici qüvvələr Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpməyə cəhdlər edib, amma bu "toxumların" heç biri cücərməyib, məhv olub gedib.
Hətta Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşdiyi dövrdə belə, ölkəmizdə yaşayan ruslar, bütövlükdə rus icması Azərbaycan dövlətini dəstəklədi və onun əleyhinə heç bir addım atmadı. Əksinə, öz vətənini müdafiə etdi. Bu da ondan irəli gəlir ki, burda yaşayan hər bir xalq rifah və firavanlıq içində yaşayır, ayrı-seçkiliyə məruz qalmır..
Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb: "Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb. Azərbaycanda etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb.
Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir".
"Azərbaycan xalqı tarixən tolerant olub və bu ənənə indi də davam edir"
Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycanda tolerantlıq əsrlərin sınağından çıxmış bir anlayışdır, həyat tərzidir.
"Azərbaycan xalqı tarixən tolerant olub və bu ənənə indi də davam edir. İstər milli, istərsə də dini yöndə tolerantlıq yüksək səviyyədədir. Hətta bəzən bu sözün işlədilməsinə lüzum olmur. Dinlər, millətlər arasında yüksək səviyyəli münasibətlərin olması hətta başqalarına nümunə göstərilir.
Müxtəlif vaxtlarda yaşanmış siyasi təlatümlər, müxtəlif yad təsirlər, hətta təxribatlar belə bu tolerantlığı poza bilməyib. Xalqımızın yüksək mədəni, mənəvi dəyərləri ehtiramla yaşatması, dəyər verməsi öz müsbət təsirini hər zaman göstərib və bu, dövlətin möhkəmlənməsinə, milli həmrəyliyin qorunmasına da öz töhfəsini verib".
"Ölkəmizdə ruslara qarşı milli ayrı-seçkilik müşahidə olunmur"
T.İrfan vurğuladı ki, hazırda Rusiya ilə siyasi meydanda gərginlik yaşayırıq: "Lakin Rusiyadan fərqli olaraq, ölkəmizdə ruslara qarşı milli ayrı-seçkilik müşahidə olunmur. Ancaq təəssüf hissilə qeyd etməliyik ki, Rusiyada bunun əksi ilə qarşılaşırıq. Bu, ola bilsin onların şovinist təbliğatının nəticəsidir. Yaxud Fransa ilə münasibətlərin xoşagələn olmaması heç də xalqımızda Fransa xalqına qarşı hansısa mənfi duyğular meydana gətirmir. Çünki biz heç bir milli, dini, irqi ayrı-seçkiliyə yol vermirik. Siyasi münasibətlər zamanla gərginləşə və nizama salına bilər, amma xalqların arasında nifrət yaradırlarsa bu çox zaman ağır fəsadlara yol açır. Necə ki, uzun illər Ermənistan dövləti türk millətinə, Azərbaycan xalqına qarşı qərəz, nifrət aşılayıb, düşmənçilik hissləri oyadıb. Bu gün siyasi proseslər öz həllinə doğru irəliləyir, ancaq müəyyən mənada erməni xalqının arasında xalqımıza qarşı qəzəb və nifrət hissləri var. Baxmayaraq ki, təcavüzkarlığı biz yox onlar edib.
Ona görə bu kimi məsələlərdə Azərbaycan xalqı nümunəvi xalqdır. Ancaq dövlət siyasəti də milli və dini tolerantlığın qorunması, gələcək nəsillərə ötürülməsi üçün əsaslı işlər görür, addımlar atır. Mütəmadi olaraq xaricdən düşmənlər dini və milli zəmində tolerantlığımızı pozmağa cəhd etsələr də aparılan dövlət siyasəti bunun qarşısını alır. Separatçılıq toxumu səpmək, həmrəyliyi pozmaq istəyənlərə qarşı mübarizə aparılır. Hazırda müxtəlif dövlətlər Azərbaycana qarşı haqsız addımlar atır, maneələr yaradır. Ancaq dövlət bu məsələləri həmin dövlətin xalqına qarşı istifadə etmir. Yaranmış narahatlığı siyasi, diplomatik müstəvidə həll etməyə çalışır".
Ekspertlər qeyd edirlər ki, Azərbaycanın tolerantlıq modeli Avropaya belə nümunədir. Yəni əhalisinin əksəriyyətinin müsəlman olduğu, eyni zamanda dini dözümlülükdə bir sıra Avropa ölkələrindən öndə gedən Azərbaycanın öz tolerantlıq modeli var ki, bu, xaricilərin də diqqətini çəkir.
Uzağa getməyək, ermənilər bizə düşmən münasibəti bəsləsə də, Azərbaycanda ermənilər də dinc şəkildə yaşayır. İndiki Ermənistan ərazisində bir dənə məscid qalmasa da belə, Bakının mərkəzində erməni kilsəsi hələ də qalır. Bütün bu kimi nümunələr Azərbaycan cəmiyyətinin toletantlığını bir daha təsdiqləyən amillərdən biridir.
Ekspertlər qeyd edirlər ki, ölkəmizin ətrafında və daxilindədigər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır, Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bəzi dövlət rəsmiləri çıxışlarında haqlı olaraq qeyd edirlər ki, bu münasibətinzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil, çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Qeyd olunur ki, bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türkmillətinin xarakteri ilə bağlı olan məsələdir.
Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır və hər birinə tolerant münasibət bəslənilir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.