AZ

QARŞILAYIN - O, əsl “Neftçi” azarkeşlərinin istədiyi futbolçudur!

“Neftçi” Ervin Koffini gedişindən sonra sağ cinahdakı boşluğu rumıniyalı futbolçu ilə doldurdu.

Rumıniyalı Kristian Kostin bundan sonra “ağ-qaralar”ın cinahına cavabdehlik daşıyacaq.

Ötən ay 27 yaşını tamamlayan Kosminin karyerası bütünlüklə Rumıniya ilə bağlıdır. O, ilk dəfə legioner həyatı yaşayacaq.

Peşəkar futbolçu həyatına 17 yaşında start verən arxa xətt oyunçusunun ilk iş yeri 2015-ci ildə “UTA Arad” olub. Burada 3 mövsümdə 41 görüşdə 2 qolla fərqlənib.

2017/18 mövsümünü icarə əsasında “CSM Reşitsa”da keçirib.

II Liqa təmsilçisində 24 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edərək ölkənin köklu klublarından olan “Voluntari”yə keçib.

Karyerasının ən parlaq dönəmini də məhz burada yaşayıb. Voluntari şəhərinin eyniadlı komandasında 4 il top qovmaqla 127 matçda 8 qol, 7 assistlə yadda qalıb.

2023-cü ilin yayında Buxarest “Dinamo”su anlaşan Kristian son 2 mövsümdə formasını geyindiyi komandada 70 matçda aktivinə 1 qol yazdırıb, 2 qolun ötürməsini verib.

Bütün komandalarda və iştirak etdiyi turnirlərdə ümumilikdə 249 dəfə şans qazanmaqla 16 dəfə fərqlənib, 11 assist edib.

O, təkcə sağ cinah müdafiəçisi deyil. Karyerası ərzində baş məşqçilərin tələbinə uyğun olaraq sağ cinah yarımmüdafiəçisi, dayaq yarımmüdafiəçisi, sol cinah müdafiəçisi və yarımmüdafiəçisi, eyni zamanda mərkəz yarımmüdafiəçisi kimi oynayıb.

Universallığı ilə fərqlənən futbolçunun ən böyük üstünlüyü sürətli olması və əzmkarlığıdır. Cinahında ağalıq etməyi sevir və bunu yaxşı bacarır. Pressinq etmək, rəqibdən top almaq bacarığı da xüsusi şəkildə qeydə olunmalıdır.

Sağ cinahla keçid etməklə qapı qarşısına ötürmələri kifayət qədər təhlükəli alınır. Qol vurmaqda usta deyil. Lakin imkan düşdükdə rəqib qapıçıların sayıqlığını yoxlayır. Əzmkarlığı və döyüşkənliyi ilə qısa müddətdə “Neftçi” azarkeşlərinin qəlbinə yol tapacaq.

İntizama riayət etməsini statistika göstərir. Bu günə qədər meydana çıxdığı 249 qarşılaşmada cəmi 21 sarı vərəqə alıb, 1 dəfə meydandan qovulub.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr