ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bu yay sözün əsl mənasında Pirşağı kəndinin bir hissəsinə su verilmədi. Yəni mən görmədim. Gecələri azacıq, zəif sürətlə verirlər. Onun üçün də gərək, növbə çəkəsən və qabları doldurasan ki, səhərə içməyə suyun olsun. Bağa su verməyə, ağacları qurumağa qoymamaq üçün bir qurtum su tapa bilməzsən...
Xatırlayıram ki, ötən illərdə suya nəzarət edən şəxslərdən biri mənə demişdi ki, "su Pirşağı kəndinin varlılar yaşayan məhəlləsinə daha çox verilir". Yəni kasıbların nəyi var ki, suyu da olsun...
Su üçün pul yazmağa gələndə dərhal başının üstünü kəsdirirlər. Hətta ötən aylarda bizim əraziyə nəzarət edən Sahib adlı su müfəttişi mənim istifadə etmədiyim suyun pulunu da yazmışdı. Deməli, mən ay ərzində 16,10 AZN su istifadə etmişdim, həmin şəxs də mənə bunun iki qatını yazmışdı. Sonra suya nəzarət edən digər bir müfəttiş xahiş etdi ki, bununla bağlı səsimi çıxarmayım, Sahibin problemləri varmış. İndi düşünün, hər problemi olanda hər qapıya 16 manat əlavə yazsa nə olar?
Nə isə, mən onsuz da haqqımı heç kimə halal etmirəm. Sadəcə bağ yaratmaq istəmişdim. ADSEA-nın məsuliyyətsizliyi üzündən ağaclarım, şitillərim qurudu, məhv oldu. Onsuz da bilmirik ki, dərdimizi kimə deyək...
ADSEA-da "qudalar" işin "suyunu" çıxardıb...
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.