AZ

Fransız milyarder keçmiş aviabazanın ərazisində kinostudiya tikəcək...

...Məşhur fransız sahibkarı və Mediawan media holdinqinin həmtəsisçisi Ksave Niel Fransanın ən böyük kinostudiyalarından birini - Studios de Reims-i yaratmaq məqsədi ilə Reyms yaxınlığında tərk edilmiş aviabaza alır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Deadline yazır. Parisdən 130 km şimal-şərqdə yerləşən keçmiş Reims-Şampan hava bazası İkinci Dünya Müharibəsi zamanı ABŞ ordusu tərəfindən istifadə edilib və 2011-ci ildə bağlanana qədər Fransa Hərbi Hava Qüvvələrinə xidmət edib.

Yerli "L'Union" qəzetinin ilk xəbər verdiyi 72 milyon avroluq (84 milyon dollar) müqavilə iyulun 22-də bağlanıb. Fransa dövləti 14 milyon avro sərmayə verəcək.

Yeni kinostudiya üç mərhələdə tikiləcək və 730 min kvadratfutdan çox (təxminən 68 min kv.m) ərazini tutacaq. Layihəyə pavilyonlar, soyunub-geyinmə otaqları və emalatxanalar daxildir.

Birinci mərhələnin 2026-cı ilə qədər, tam olaraq 2031-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Nielin nümayəndəsinin sözlərinə görə, Studios de Reims "Parisdə tıxaclı studiya bazarı kontekstində sadə, logistik cəhətdən rahat və rəqabətli həll yolu" olacaq.
Layihə 250-dən 300-dək yeni iş yerinin yaradılmasına və beynəlxalq kino istehsalı arenasında Fransanın mövqeyinin möhkəmlənməsinə imkan verəcək.

Qeyd edək ki, Ksave Niel həmçinin Plan B, See-Saw Films və Fransanın Chapter 2 və Chi-Fou-Mi də daxil olmaqla 80-dən çox istehsal şirkətini birləşdirən Mediawan-ın həmtəsisçisidir.

Nazlı Almuradova

Seçilən
2
1
sia.az

2Mənbələr