Fransanın bu qətnamə təşəbbüsünü irəli sürməsi Bakı-Paris münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar az-a açıqlama verib:
"Fransa bu məsələdə real olaraq heç bir təsir gücünə malik deyil. Prezident Makronun davranışları və atdığı addımlar ciddi siyasi səhvlərdir. Onun tərəfdaşları da bu səhv yolla irəliləyirlər. Bu kimi qeyri-adekvat yanaşmalar nəinki problemi həll etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Onlar müəyyən sənədlər qəbul edir, bəyanatlar yayırlar - bəli, bu addımları ata bilərlər. Ancaq həmin sənədlərin bizim üçün hər hansı hüquqi və ya siyasi əhəmiyyəti yoxdur. Əgər ümumi mənzərəni götürsək, bu gün Bakı ilə Paris arasında münasibətlər, demək olar ki, mövcud deyil. İki ölkə arasındakı əlaqələr yox səviyyəsindədir. Fransa tərəfinin hazırkı davranışı, qəbul etdiyi sənədlər və tutduğu mövqe onsuz da zəif olan münasibətlərə əlavə zərbə vurur. Əslində bu addımlar daha çox siyasi nümayiş və daxili auditoriyaya hesablanmış jestlərdir, nəinki konstruktiv diplomatiya.
Ona görə də, Fransa parlamentində qəbul olunan istənilən sənəd Azərbaycan üçün sadəcə bir kağız parçasıdır. Onlar nə qədər istəyirlərsə, qətnamələr qəbul edə bilərlər. Bu sənədlərin bizim üçün nə siyasi, nə hüquqi, nə də diplomatik dəyəri var".
Zeynəb Mustafazadə