Bakı. TurkicWorld:
Qarabağ və Şərqi Zəngəzur son bir ayda 500 mindən artıq ziyarətçi qəbul edib.
TurkicWorld xəbər verir ki, azad edilmiş ərazilərə səfər edən yarım milyon insan arasında yerli sakinlər və Vətənə qayıdan ailələrlə yanaşı, müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar, mədəniyyət və media nümayəndələri, eləcə də, digər xarici qonaqlar yer alıb.
Qeyd edək ki, bu fakt özlüyündə bölgədə yaranmış təhlükəsiz, müasir və dinamik mühitin təsdiqidir. İnsanlar oraya təkcə ziyarət üçün yox, həm də yaşamaq, sərmayə qoymaq, investisiya imkanlarını araşdırmaq üçün gedirlər. Bu, eyni zamanda, azad edilmiş ərazilərin artıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgənin gələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyük olduğunu və reallaşdırılmağa başladığını göstərir.
İqtisadiyyatın canlanmasında, xüsusilə kənd təsərrüfatının, sənaye və xidmət sahələrinin bərpası və inkişafı mühüm rol oynayır. Dövlət tərəfindən yaradılan infrastruktur, əlverişli investisiya mühiti regiona daxili və xarici investorların marağını artırır ki, bu da gələcəkdə yeni iş yerlərinin açılması və sosial rifahın yüksəlməsini təmin edən amillərdir. Turizmin sürətli inkişafı da bölgə iqtisadiyyatına ciddi təkan verir.