AZ

Suriyanı parçalamaq üçün ilk addım atıldı - Türkiyənin cavabı sərt olacaq...


Xaqani Cəfərli: "Suriya toplumu bir-birinin yaşam tərzinə, inancına, dini və etnik kimliyinə dözümsüz olan ayrı-ayrı icmalardan ibarətdir"

Suriyanın Süveyda bölgəsində yaşayan druzlar “Cəbəl əl-Ərəb Daxili İdarəsi”nin yaradıldığını rəsmən elan ediblər. Bu, Əsəd rejiminin süqutundan sonra və ölkədə ümumi qeyri-sabitlik və hakimiyyətin mərkəzsizləşdirilməsi kontekstində baş verib.

Təhlükəsizliyini təmin etmək və maraqlarını qorumaq istəyən druzlar kompakt yaşadıqları ərazilərdə öz idarəetmə orqanlarını yaratmaq üçün addımlar atdılar.

Bu barədə iyulun 21-də yayılan bəyanatda bildirilir ki, bu qərar druz xalqının hüquqlarının qorunması və mərkəzi hökumətin siyasətinə etiraz olaraq verilib.

“Bu torpağın, azadlığın və tökülən qanın şərəfinə və azadlıq ruhuna hörmət əlaməti olaraq biz bu gün "Cəbəl əl-Ərəb Daxili İdarəsi"nin qurulduğunu elan edirik. Bu addım druz xalqının tarixi torpaqlarında milli muxtariyyətə doğru ilk addımıdır”, deyə bəyanatda bildirilir.

Suriyada druzların muxtariyyət elan etməsi ölkənin parçalanmasına doğru atılan ilk addım kimi qiymətləndirilə bilərmi bilər?

Baki-xeber.com-a məsələ ilə bağlı açıqlama verən politoloq Xaqani Cəfərli bildirdi ki, Suriya toplumu Yaxın Şərqin əksər ölkələrinin cəmiyyətləri kimi məzhəb və etnik kimlik üzərindən parçalanmış toplumdur: "Çünki Suriya, əksər Yaxın Şərq ölkələri kimi bir xalq tərəfindən təbii tarixi proses nəticəsində qurulmayıb. Hətta belə dövlətləri saxta dövlət hesab edənlər də var. Buna görə də belə dövlətlərdə mərkəzi hakimiyyətin zəifləməsi, dövlətin gücünün azalması ilə bu parçalanma qabarıq üzə çıxır - Suriyada da müşahidə olunan budur. Suriya toplumu bir-birinin yaşam tərzinə, inancına, dini və etnik kimliyinə dözümsüz olan ayrı-ayrı icmalardan ibarətdir. Məsələn, sünni çoxluq ələviləri və druzları müsəlman hesab etmir. Sünni çoxluğun radikal təmsilçiləri hesab edir ki, onların din qarşısında borcu ələvi və druzları öldürməkdir. Bununla bağlı dini fətvalar var.

Suriyada hakimiyyəti ələ keçirmiş HTŞ-nin dünya görüşü də bütövlüyü təmin etməyə imkan vermir. HTŞ iqtidarından fərqli olaraq, Bəşər Əsəd hakimiyyəti insanların yaşam tərzinə qarışmırdı və dünyəviliyə üstünlük verirdi. İndi isə radikal dini görüşləri olan qrup hakimiyyətə gəlib və öz ideologiyasını yaymağa çalışır. Buna görə də Suriyanın unitarlığını, hətta bütövlüyünü təmin etmək mümkün deyil. Druzların özlərinin idarəçiliyini, “Cəbəl əl-Ərəb Daxili İdarəsi”ni elan etmələri bölünmənin rəsmiləşdirilməsi prosesidir. Əgər HTŞ iqtidarı, şəxsən keçici müvəqqəti prezident Əhməd əş-Şaraa yeni bir səhvə yol versə, bu dəfə Suriya parça-parça olacaq. Bütövlükdə isə Suriyanın mövcudluğu Əhməd əş-Şaraa hökumətindən daha çox İranda gedən proseslərdən asılı olacaq. Əgər İran federallaşsa və ya bölünsə, Suriya da daxil olmaqla, 8-10 dövlətin bölünməsi qaçılmaz olacaq.

Bizim üzərimizə düşən Yaxın Şərq bataqlığından uzaq durmaqdır. Əks halda orada tökülən və uzun onilliklər boyu da töküləcək qan bizim üzərimizə sıçrayacaq".

Akif NƏSİRLİ

Seçilən
6
baki-xeber.com

1Mənbələr