Bəzən texniki səbəblər və ya insan səhvi nəticəsində vətəndaşların bank hesabına onlara aid olmayan vəsait köçürülə bilər. Belə hallarda həmin pulun taleyi ilə bağlı sual yaranır: bu vəsait qaytarılmalıdırmı? İqtisadçı Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, vəsait banka geri qaytarılmalıdır: “Bu halda Mülki Məcəllədə nəzərdə tutulan “əsassız varlanma” maddəsi tətbiq olunur. Yəni vəsaitin əsassız olaraq əldə edilməsi həmin maddənin predmetinə və əhatə dairəsinə daxildir. Əgər vəsait səhvən bir şəxsin hesabına köçürülübsə, bu məbləğ geri qaytarılmalıdır”. X.Kərimli qeyd edib ki, cinayət məsuliyyəti nəzərdə tutulmasa da, vəsaitin qaytarılması hüquqi baxımdan zəruridir. Əgər şəxs bu məbləği könüllü şəkildə qaytarmırsa, onun məhkəmə qaydasında geri alınması mümkündür. Sevinc İbrahimzadə / Metbuat.az