AZ

Avropa Parlamenti İsrailə qarşı sanskiyaların tətbiqinə çağırıb

BAKI, TurkicWorld

Avropa Parlamentinin 40 deputatından ibarət bir qrup İsrail hakimiyyətinə qarşı sanksiyaların tətbiqi və İsrail ilə ticarət sazişinin dayandırılması üçün Avropa İttifaqına (Aİ) çağırış edib.

TurkicWorld xəbər verir ki, bu barədə deputatların yayımladığı birgə bəyanatda deyilir.

Sənəddə Aİ-yə üzv 14 ölkədən olan deputatlar İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda ittiham edərək, Brüsseldən Qəzza zolağında baş verən humanitar böhranla bağlı qəti tədbirlər görməyi tələb edirlər. Deputatlar İsrail hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə və 2000-ci ildən qüvvədə olan Aİ–İsrail Assosiasiya Sazişinin dayandırılmasına çağırıblar. Bu sənəd İsrailə Aİ ölkələri ilə ticarət güzəştləri və Avropa maliyyə proqramlarına çıxış imkanı verir.

Parlamentarilər Qəzzadakı vəhşiliklərə qarşı təcili tədbirlərin görülməsini istəyib və “əxlaqi qorxaqlıq dövrünün sona çatdığını” vurğulayıblar. İsveçli deputat Evin İncir "Euronews" telekanalına verdiyi açıqlamada bildirib:

“Bizim narahatlığımız həm Avropa Komissiyasına, həm də Aİ-nin üzv dövlətlərinə yönəlib. Onlar baş verən humanitar böhrana daha qətiyyətli reaksiya verməlidirlər”.

Qeyd edək ki, Avropa Komissiyası Qəzza zolağındakı vəziyyətin pisləşməsi fonunda Aİ-İsrail Assosiasiya Sazişinin qismən dayandırılmasını nəzərdən keçirir. Məlumata görə, Brüssel İsrailin “Horizon Europe” adlı elmi-tədqiqat proqramında iştirakının dayandırılmasını təklif edəcək. Bu addım, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın daha əvvəl təqdim etdiyi 10 variant arasında ən yumşaq tədbirlərdən biri sayılır.

Qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı daha əvvəl bildirmişdi ki, 2023-cü ilin oktyabrında münaqişənin kəskinləşməsindən sonra Qəzza zolağında ərzaq istehlakı ilə bağlı əsas göstəricilər ən pis səviyyəyə çatıb. “Ərzaq Təhlükəsizliyinin İnteqrasiya Olunmuş Faza Təsnifatı” (IPC) beynəlxalq monitorinq təşəbbüsünün məlumatına görə, Qəzza əhalisinin 39 faizi bir neçə gün ardıcıl olaraq aclıq çəkir, 500 mindən çox insan (əhalinin təxminən dörddə biri) aclığa bənzər şəraitdə yaşayır.

Seçilən
9
turkic.world

1Mənbələr