AZ

Qurban Qurbanov “daha az səhv, daha yaxşı oyun” istəyir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci tasnifat mərhələsinin “Şelburn”la cavab matçından gözləntisini açıqlayıb.

Arena.az xəbər verir ki, Azərbaycan və İrlandiya çempionları arasındakı cavab görüşü sabah Bakıda keçiriləcək.

Qurban Qurbanov bu gün matçdan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Matça pis hazırlaşmamışıq. Ciddi rəqibə qarşı oynayırıq. Məğlub olmağı sevməyən rəqibdir. Buradakı oyunda istəyirik ki, daha yaxşı olaq, oyunumuzu daha da yaxşılaşdıraq. Çalışacağıq ki, sabah daha az səhv edək, daha yaxşı oynayaq. Bütün diqqətimiz sabahkı matçdadır”.

Qurban Qurbanov zədəlilərin durumuna da aydınlıq gətirib:

“Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla olmayacaqlar. Yankoviç bu gün məşqdə olacaq. Bəlkə sabah “23-lüy”ə salarıq. Amma oynaması hələ ki, böyük riskdir. Qarşıdakı matçda gedişata uyğun addım atacağıq. Son vaxtlar dünya futbolunda zədəlilərin sayı çoxalır. Futbol güc, sürət tələb edir.

Qurban Qurbanov yeni hücumçu transfer etmək istədiklərini də təsdiqləyib:

“Ən çox hücum mövqeyinə oyunçu axtarırdıq. Çox oyunçuya baxdıq, yaxından analiz etdik. Neçə futbolçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu ilə danışmışdıq, razılaşmışdıq, sonda elə oldu ki, daha böyük təkliflər gəldi, başqa ölkələrə getdilər. Bəli, hücum xəttinə oyunçu axtarışı davam edir. Orta sahəyə də oyunçu axtarırıq. Bugünkü hücumçularımdan məmnunam. İdman formalarından, işə yanaşmalarından, kollektivdəki mövqelərindən çox razıyam. Onlarla oyun qurmaq mənə çox asandır. Neçə illərdir ki, oyun sistemimizin içindədirlər. Digər hücumçu axtarırıq, mövqeyi daha da möhkəmləndirmək istəyirik. Qruplara düşəndə rotasiyalarımız çox olur, onda da onları əvəzləyən layiqli oyunçuların olmasını istəyirik. Hücum xəttindən razıyam. Sadəcə, işimizi daha da sığortalamaq istəyirəm”.

Qurban Qurbanov “Qarabağ”da əsas qapıçının olmamasına dair sualı da cavablandırıb:

“Qapıçını oynatmasan, ritmdən düşə bilər. İmkanımız varsa, ən azından çempionata kimi oyunçuların oyun təcrübəsini qoruyub-saxlayaq. Liqada rotasiyalar edə bilirik. Məşqlərdəki işgüzarlığın haqqını vermək lazımdır. Buntiç daha yaxşı həftə keçirdi, çalışdıq ki, onu meydana buraxaq, haqqını alsın. Qapıçılarımızın hər üçündən razıyam. Hamımız daha yaxşısını istəyərik”.

Seçilən
9
arena.az

1Mənbələr