AZ

Telefon suya düşdükdə nə etmək lazımdır? - Ekspertlərin tövsiyələri

Yay aylarında telefonun suya düşməsi nadir hadisə deyil. Xüsusilə dəniz, çimərlik və ya hovuz kənarında istirahət zamanı bu risk artır. 

HİT.az xəbər verir ki, CNET portalının ekspertləri "Apple" və "Samsung" kimi istehsalçıların tövsiyələrinə əsasən, belə vəziyyətdə nə etməli olduğunuzu ətraflı izah edib.

Ən vacib məsləhət: Telefonu dərhal sudan çıxarın və söndürün

Əgər telefonunuz suya düşübsə, ilk addım – onu dərhal sudan çıxarıb söndürməkdir. Beləliklə, cihaz daxilindəki nəm elektrik komponentlərinə zərər verməmiş olar.

"Apple" şirkətinin tövsiyələri

"iPhone" cihazları suya və toza qarşı müəyyən dərəcədə davamlı olsa da, bu qoruma daimi deyil. Əgər "iPhone" su ilə təmasda olubsa və ya ekranda "şarj portunda su var" xəbərdarlığı çıxıbsa, aşağıdakıları edin:

1. Cihazı sudan çıxarın, söndürün və tiftiksiz yumşaq bezlə qurulayın.
2. Telefonu şarj portu aşağı olacaq şəkildə yüngülcə silkələyin ki, artıq su xaric olsun.
3. Telefonu hava sirkulyasiyası yaxşı olan quru bir yerə qoyun və ən azı 5 saat gözləyin. Ventilyatorun hava axını prosesi sürətləndirə bilər.
4. 5 saatdan sonra cihazı yenidən açmağı və şarj etməyi yoxlayın.
5. Əgər problem davam edərsə, Apple servis mərkəzinə müraciət edin.

"Apple"in əsas xəbərdarlığı: "iPhone"u düyü içində qurutmayın. Düyü dənəcikləri porta daxil olaraq cihazı zədələyə bilər.

"Samsung" şirkətinin tövsiyələri

1. Telefonu sudan çıxarın, söndürün və təmiz, yumşaq bezlə qurulayın.
2. Quruma üçün telefonunuzu sərin və hava axını olan bir yerə, məsələn, ventilator qarşısına yerləşdirin.
3. Samsung qeyd edir ki, bu addımlardan sonra da telefonun daxilində su qala bilər və belə halda rəsmi servis mərkəzinə müraciət edilməlidir.

Əgər telefon duzlu suya, qazlı suya və ya hovuz suyuna düşübsə, tez bir zamanda kran suyu ilə yuyulmalı, daha sonra qurudulmalıdır.

Nə etməmək lazımdır?

* Fen, sobanı və ya başqa istilik mənbələrini istifadə etməyin. Yüksək temperatur cihazın daxili hissələrinə zərər verə bilər.
* Düyü, yulaf, çia toxumu, pişik qumu kimi materiallar telefonun içinə yapışa bilər və əlavə ziyan vura bilər.

Ən effektiv alternativ: Silika gel

Silika gel kapsulları nəmi udmaq üçün ideal vasitədir.

Qurutma üsulu:
* Telefonu sudan çıxarın və söndürün.
* Xarici hissəsini yumşaq dəsmalla qurulayın.
* Telefonu hava keçirməyən bir qaba yerləşdirin.
* Qabı silika gel kapsulları ilə doldurun və möhkəm bağlayın.
* 72 saat gözləyin.
* Daha sonra telefonu çıxarıb işə salmağı yoxlayın.

Nəticə: Telefonunuz suya düşübsə, tez reaksiya, doğru qurutma üsulu və səbirli gözləmə onun xilas edilməsində əsas faktorlardır. Bəzən heç bir üsul zəmanət verməsə də, düzgün yanaşma cihazın fəaliyyətini xilas edə bilər.

Samir
 

Seçilən
1
hit.az

1Mənbələr