Dünən Bakıda avtoyuma məntəqəsində bir nəfər elektrik cərəyanının vurması nəticəsində ölüb. Bu faktın üstündən bir neçə saat sonda Bərdə də oxşar hadisə yaşandı. Bu, son zamanlarda baş verən 3-cü bədbəxt hadisədir.
Bəs bu faciələrin hadisələrin baş verməsinin əsas səbəbi nədir?
Odla suyun arasında çalışan bu insanların həyatının təhlükə qarşısında qalmaması üçün hansı qaydalara əməl olunmalıdır?
Mövzu ilə bağlı News24.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, elektrik təsərrüfatına texniki baxış yalnız bu sahə üzrə ixtisaslaşan və müvafiq lisenziya və sertifikata malik müəssisələr tərəfindən həyata keçirilməlidir: "Eyni zamanda, elektrik qurğularında yaranan nasazlıqların aradan qaldırılması yalnız ixtisaslı və sertifikatlaşan mütəxəssislər tərəfindən yerinə yetirilməlidir".
Ekspert elektrik təsərrüfatında ixtisassız şəxslərin müdaxiləsinin ciddi təhlükə yarada biləcəyini xüsusilə vurğulayıb. Onun sözlərinə görə, belə müdaxilələr insan həyatı üçün potensial risk daşımaqla yanaşı, elektrik cərəyanı ilə zədələnmə və yanğın təhlükəsi ilə nəticələnə bilər:
"Bu səbəbdən həm məişət, həm də sənaye mühitində elektrik enerjisi ilə işləyərkən texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməli, yalnız mütəxəssislərin iştirakı ilə texniki xidmət və təmir işləri icra olunmalıdır"- deyə o nəzərə çatdırıb.
Xeyrənsə Piriyeva