AZ

Naxçıvanın uzun illər davam edən blokadasının aradan qaldırılması regionda sülhün və sabitliyin təminatıdır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi iddialar, təəssüf ki, regiondakı real vəziyyətdən və Azərbaycanın sülh istəyindən uzaqdır. Bu cür bəyanatlar daha çox İranın öz daxili qorxularının və geosiyasi narahatlıqlarının bir əksidir, nəinki obyektiv reallığın. Azərbaycanın mövqeyi isə son dərəcə aydın və konstruktivdir: regionda dayanıqlı sülh, əməkdaşlıq və kommunikasiyaların bərpası”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. Politoloq qeyd edib ki, Vilayətinin "Zəngəzur dəhlizinin ABŞ və İsrailin İrana qarşı planı olması" iddiaları heç bir əsası olmayan, əksinə, regional əməkdaşlığı pozmağa yönəlmiş qeyri-rasional xarakterli fikirlərdir.

Tural İsmayılov

“Reallıqda Zəngəzur dəhlizi regional ticarət və nəqliyyat əlaqələrini canlandırmağa hesablanmış bir layihədir. Bu dəhliz Cənubi Qafqazın inkişafı üçün böyük potensial vəd edir, eyni zamanda Azərbaycanın Naxçıvanla quru əlaqəsini bərpa etmək üçün fundamental əhəmiyyət kəsb edir. Naxçıvanın uzun illər davam edən blokadasının aradan qaldırılması regionda sülhün və sabitliyin təminatıdır”-deyən Tural İsmayılov qeyd edib ki, İran tərəfinin bu dəhlizi "müqavimət oxunu zəiflətmək" və "İran-Rusiya quru əlaqəsini kəsmək" cəhdi kimi təqdim etməsi də yanlışdır.

“Azərbaycan hər zaman regionda qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurmağa çalışıb. Zəngəzur dəhlizi heç bir ölkəyə qarşı deyil, əksinə, bütün regional oyunçulara fayda verə biləcək bir layihədir. Bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin daha effektiv işləməsinə imkan yaradacaq, bu da ticarəti asanlaşdıracaq və iqtisadi inkişafa təkan verəcək”-deyə politoloq bildirib.

Tural İsmayılov təəssüflə vurğulayıb ki, İran rəsmilərinin bəyanatları, xüsusən də Vilayətinin ritorikası Azərbaycana qarşı əsassız şübhə və düşmənçilik toxumları səpməyə xidmət edir, bu cür yanaşma regionda sülhün və əməkdaşlığın qurulmasına mane olur.

“Azərbaycan bölgədə sülh və əməkdaşlığın tərəfdarıdır və bütün region ölkələrindən də eyni konstruktiv mövqeni gözləyir. Yalnız dialoq və qarşılıqlı anlaşma yolu ilə regionun ümumi inkişafı təmin edilə bilər”-deyə politoloq qeyd edib.

Xatırladaq ki, İranın rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Sionizm və ABŞ İranın strateji mədəni kimliyindən narahatdır və bu əsasları zəiflətməklə milli təhlükəsizliyə zərər vurmağa çalışırlar. Vilayəti iddia edib ki, “Zəngəzur dəhlizi” layihəsi ABŞ və İsrailin İrana qarşı planının bir hissəsidir. Onun sözlərinə görə, məqsəd İranın Qafqazla əlaqəsini kəsmək, müqavimət oxunu zəiflətmək və İran-Rusiya quruda mühasirəyə almaqdır. Əli Əkbər Vilayəti SEPAH-ın Araz sahilindəki təlimini xatırladarq bildirib: "Buna görə də sərhəddə qoşun yeridərək bu dəhlizin açılmasının qarşısının alınması üçün fəal siyasət həyata keçirdik".

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr