Elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Kamran Məmmədli: “Sabit tarifin tətbiq olunmasının məqsədi bütün kommunikasiyaların işləkliyini təmin etmək və fasiləsiz istehlakına şərait yaratmaqdır”
Mövzu ilə bağlı fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Elektroenergetika haqqında” qanuna dəyişikliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir: “Sabit tarifin tətbiq olunmasının məqsədi bütün kommunikasiyaların işləkliyini təmin etmək və fasiləsiz istehlakına şərait yaratmaqdır. Bu qanunun iqtisadi, sosial və fiskal tərəfləri də var. İqtisadi baxımdan, əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, sərmayələrin əmlak bazarında passiv saxlanması arzuolunan deyil. Bununla yanaşı, binada mənzillərin müəyyən hissəsi alınıb istifadə olunmursa, o şəbəkə rentabelli olmur və gəlir deyil, amortizasiya, saxlanma daxil olmaqla əlavə xərc yaradır. Bu isə dövlət büdcəsi üçün əlavə fiskal yük deməkdir. Ümumiyyətlə, sabit tarif mənzil sahibi olan və onu istifadə edən vətəndaşlarımız üçün əlavə heç bir maliyyə yükü yaratmır”.
Natiq Cəfərli: “Yeni model çərçivəsində vətəndaşlar istehlak etdikləri elektrik enerjisinə görə ödəniş etməklə yanaşı, aylıq sabit abunə haqqı da ödəyəcəklər”
İqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, aylıq sabit tarifin 1 manat məbləğində müəyyənləşəcəyi gözlənir: “İşlətdiyimiz elektrik enerjisinin dəyərinin üzərinə əlavə 1 manat da gələcək. Nazirlər Kabineti sabit tarifin ən azı üç il 1 manat olacağı ilə bağlı öhdəlik götürməlidir. Yeni model çərçivəsində vətəndaşlar istehlak etdikləri elektrik enerjisinə görə ödəniş etməklə yanaşı, aylıq sabit abunə haqqı da ödəyəcəklər. Nəzərdə tutulan rəqəm vətəndaşlar üçün böyük maliyyə yükü yaratmasa da, gələcəkdə abunə haqqının artırılması ehtimalı var. Təyin ediləcək məbləğ Tarif Şurasının qərarı ilə müəyyənləşdiriləcək. Əgər gələcəkdə bu məbləğ artırılarsa, vətəndaşlar arasında haqlı narazılıqlara səbəb ola bilər”.
Günel CƏLİLOVA