Avropa İttifaqı ölkələrində evlərdə saxlanılan köhnə elektron cihazlar – xüsusən də mobil telefonlar, noutbuklar və planşetlər əslində milyardlarla avro dəyərində resursun istifadəsiz qalmasına səbəb olur.
News24.az xəbər verir ki, eurostat-ın 2024-cü il məlumatına görə, avropalıların yarıdan çoxu istifadə etmədiyi bu cihazları evdə saxlamağa üstünlük verir, nəticədə bu, görünməz “elektron tullantı” böhranına yol açır.
Statistikaya görə, istifadəçilərin:
%51-i köhnə telefonlarını evdə saxlayır; yalnız %11-i onları geri dönüşümə verir.
%34-ü noutbuk və planşetləri evində saxlayır; bu cihazlarda da geri dönüşüm faizi %11-dir.
Masaüstü kompüterlərdə bu rəqəm nisbətən yüksək – %15 olsa da, %19 hələ də evdə saxlanılır.
Bu cihazlarda altın, gümüş və mis kimi qiymətli metallardan ibarət komponentlər mövcuddur. Lakin bu zəngin resurslar ya evlərin küncündə qalır, ya da tullantı kimi torpağı və suyu çirkləndirən sahələrə düşür.
Mütəxəssislər bildirir ki, bu elektron tullantı böhranının qarşısını almaq üçün yerli toplama kampaniyaları, asan çıxışlı təhvil nöqtələri və həvəsləndirici tədbirlər (məsələn, cihaz gətirənə endirim və ya hədiyyə) tətbiq olunmalıdır. Beləliklə həm təbiət qoruna, həm də iqtisadiyyat üçün mühüm xammal dövriyyəyə qaytarıla bilər.
Xeyrənsə Piriyeva