ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Uşaqlı ailələr üçün gündəlik həyat sürprizlərlə doludur. Xüsusilə kiçik yaşlı uşaqların olduğu evlərdə hər an qəfil qızdırma, allergik reaksiya, yıxılma və digər təcili tibbi hallarla qarşılaşmaq mümkündür. Bu kimi vəziyyətlərdə vaxtında və düzgün müdaxilə həm uşağın sağlamlığı, həm də valideynin narahatlığını azaltmaq baxımından böyük əhəmiyyət daşıyır.
Qaynarinfo xəbər verir ki, uşaq Sağlamlığı və Xəstəlikləri üzrə türk mütəxəssis Dr. Ayşə Sokullu da məhz bu məqamları vurğulayaraq, uşaqlı hər evdə mütləq şəkildə hazır saxlanmalı olan əsas dərman və vasitələrin siyahısını və diqqət yetirilməsi gərəkən vacib detalları açıqlayıb:
Qızdırmasalıcı dərmanlar
Uşaqlarda ən çox rast gəlinən təcili hal bədən hərarətinin yüksəlməsidir. Bu səbəbdən evdə qızdırmasalıcı dərmanların saxlanılması vacibdir. Qoltuq altından ölçüldükdə 38 dərəcə və üzəri, qulaqdan ölçüldükdə isə 38.5 dərəcə və üzəri hərarət hallarında əvvəlcə uşağın paltarları soyundurulmalı, sərinləməsi təmin edilməli və otağın temperaturu endirilməlidir. Əgər qızdırma davam edirsə, parasetamol tərkibli sirop və ya tabletlər ilkin müalicə kimi istifadə oluna bilər. Bu kifayət etməzsə və ya istifadə mümkün deyilsə, 6 aydan yuxarı uşaqlarda ibuprofen tərkibli siroplar ikinci seçim kimi istifadə oluna bilər. Qusma, ağızdan dərman qəbulunun mümkün olmaması və ya qızdırmanın çox yüksək olması hallarında dörd saatdan bir parasetamol tərkibli şamlar istifadə edilə bilər. İbuprofen isə altı saatlıq fasilələrlə verilməlidir. Lakin həkim məsləhəti olmadan heç bir dərman kombinasiyası edilməməlidir.
Allergiya dərmanları
Əgər uşaq əvvəllər allergik reaksiya yaşayıbsa, xüsusilə həkim tərəfindən tövsiyə olunan allergiya əleyhinə sirop və ya kremlərin evdə saxlanılması faydalıdır. Qida allergiyaları, həşərat sancmaları və ya arı dişləməsi nəticəsində qızartı və şişkinlik yaranarsa, həkimə çatana qədər evdə ilkin müdaxilə vaxt qazandıra bilər. Əgər allergiya həyati təhlükə yaradır, nəfəs darlığına səbəb olur və ya daimi dərman istifadəsi tələb edirsə, səyahətlər zamanı uşağın yanında lazım olan dərmanların olması üçün həkimdən resept alınmalıdır.
Soyuq su və buz tətbiqləri
Güclü zədələnmə və travmalar zamanı ilk görüləcək tədbir soyuq su və ya buz tətbiqidir. Yanıqlarda da buz və ya soyuq su müalicəsi uzunmüddətli sağalma prosesinə müsbət təsir göstərə bilər. Ciddi yanıqlarda uşağın geyimi diqqətlə çıxarılmalı, heç bir maddə tətbiq olunmadan dərhal xəstəxananın təcili yardım şöbəsinə aparılmalıdır. Günəş yanıqları kimi yüngül yanıqlarda isə nəmləndirici və sağaldıcı kremlər istifadə edilə bilər. Açıq yaraların təmizliyi üçün isə hidrogen peroksid (oksigenli su), yodlu antiseptiklər və steril tənziflər evdə saxlanmalıdır.
Nəfəs açıcı dərmanlar
Öskürək şərbətləri əslində təcili yardım dərmanları kateqoriyasına daxil deyil. Lakin uşağın hava yolları həssasdırsa və zaman-zaman nəfəs darlığı yaşayırsa, həkim tərəfindən tövsiyə olunan nəfəs açıcı dərmanların evdə olması faydalı ola bilər.
İshal və qusma əleyhinə dərmanlar
Sink tərkibli siroplar və probiotiklər ishal üçün evdə saxlanıla biləcək dərmanlar arasındadır. Bu dərmanlar uşağın yaşı və vəziyyətinə uyğun olaraq həkim məsləhəti ilə əvvəlcədən alınsa da, həkim tövsiyəsi olmadan verilməməlidir. Qusma bir çox ciddi xəstəliyin əlaməti ola bilər, ona görə də davamlı qusma halında təcili yardıma müraciət etmək və mütəxəssis fikri almaq ən doğru yanaşma olar.
Kremlər
Xüsusilə yay aylarında çox tərləmə və tər basması kimi dəri səpgiləri tez-tez rast gəlinir. Bunun üçün evdə sink tərkibli kremlər və losyonlar saxlamaq olar.
Burun damcıları
İlin bütün fəsillərində rast gəlinən burun tıxanıqlığı və soyuqdəymə halları üçün fizioloji məhlul tərkibli burun damcıları da evdə olması vacib olan dərmanlar sırasındadır.
Günay
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.