ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktoker sərbəst ifadə üçün söz imkanı yaradılsa da, öncə səhhəti ilə bağlı ifadə verə bilməyəcəyini deyib. Ancaq sonra məhkəmədə ilk ifadəsini verib.
O, ifadəsi zamanı günahının olmadığını vurğulayaraq, həbsinin "TikTok" fəaliyyəti ilə əlaqəli olduğunu deyib:
"Bunu hamı bilir ki, mənim həbsim narkotiklə bağlı deyil, "Tiktok"dakı fəaliyyətimlə bağlıdır. Yayımlarda xoşagəlməz hərəkətlərə yol versəm də, buna görə inzibati həbs olunub, islah da olmuşam. Həbs olunduğum gün yanımdakı xanımı gözəllik salonuna apararkən yolda polis əməkdaşları yaxınlaşaraq məni saxladılar".
Rövşən Süleymanov bununla yanaşı, sosial şəbəkələrdə yol verdiyi müəyyən hərəkətlərə görə hamıdan üzr istəyib.
Təqsirləndirilən şəxs, həmçinin təcridxanada olarkən özünə xəsarət yetirdiyini etiraf edib. Onun sözlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasının əməkdaşlarının vaxtında müdaxiləsi həyatını xilas edib.
Bundan sonra Rövşən Süleymanovun vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlə çıxış edib.
Vəkil də müvəkkilinin təcridxanada özünə xəsarət yetirdiyini məhkəmənin diqqətinə çatdırıb. Buna görə də hazırkı psixoloji durumunun onun həbsdə saxlanmasına yol vermədiyini deyib.
Prokuror isə vəsatəti əsassız sayaraq onun təmin olunmamasını istəyib.
Müşavirədən sonra vəsatət təmin olunaraq, Rövşən Süleymanov ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
"Roşka" ləqəbli Tiktoker məhkəmədə ifadə verdi#Tiktoker #Oxuaz pic.twitter.com/aQgqvydizq
— Oxu.Az (@oxuaz) July 29, 2025
Elgün Həsənli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.