AZ

“Səsiniz olaq”: Azərbaycanda ilk onlayn surdotərcümə xidməti istifadəyə verildi

Azərbaycanda inklüziv cəmiyyət quruculuğu istiqamətində mühüm addım atılıb – ilk dəfə olaraq eşitmə və nitq məhdudiyyətli şəxslər üçün görüntülü ünsiyyətə əsaslanan “Səsiniz olaq” adlı onlayn surdotərcümə xidməti istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilən bu xidmət eşitmə və nitq imkanları məhdud olan şəxslərə cəmiyyətlə maneəsiz və daha rahat şəkildə ünsiyyət qurmağa imkan yaradır. Layihənin əsas məqsədi bu kateqoriyadan olan vətəndaşların gündəlik həyat fəaliyyətində qarşılaşdıqları kommunikasiya çətinliklərini aradan qaldırmaq, onların hüquq və xidmətlərə çıxışını asanlaşdırmaq, sosial inteqrasiyasını gücləndirməkdir.

Yeni xidmət çərçivəsində vətəndaşlar istənilən vaxt 055 213 19 97 nömrəsinə “WhatsApp” və ya “Telegram” vasitəsilə videozəng və ya mesajla müraciət edə bilirlər. Qarşı tərəfdə onları qarşılayan operator surdotərcüməçi funksiyasını icra edir. Beləliklə, operator vətəndaşın müraciətini anladaraq onu üçüncü tərəfə, yəni dövlət orqanları, tibb müəssisələri, banklar və digər xidmət sahələrinin nümayəndələrinə çatdırır, cavabı isə eyni üslubda istifadəçiyə ötürür. Bu proses tam onlayn formatda və real vaxtda həyata keçirilir. Belə bir texnoloji yenilik bu günədək eşitmə və nitq məhdudiyyətli şəxslərin üzləşdiyi ən böyük maneələrdən biri – məlumat və xidmətlərə çıxışdakı bərabərsizlik problemini əhəmiyyətli dərəcədə azaldır.

Surdotərcümə – əsasən jest dili və vizual ünsiyyət vasitələrindən istifadə edərək eşitmə və ya nitq məhdudiyyətli şəxslərlə kommunikasiya qurmağa xidmət edən ixtisaslaşmış tərcümə növüdür. Surdotərcüməçi, kar və ya lal şəxslərin jest və mimikalarını tərcümə edərək onların dediklərini digər şəxslərə çatdırır, eyni zamanda digər tərəfin sözlərini jest dilinə çevirərək istifadəçiyə izah edir. Bu proses həm canlı ünsiyyətdə, həm də texnoloji platformalarda – onlayn videozənglərdə geniş tətbiq olunur.

“Surdotərcümə” xidmətinin tətbiqi müxtəlif üstünlüklər təqdim edir. Birincisi, bu, informasiya bərabərliyini təmin edir və əlilliyi olan şəxslərin təcrid olunmasının qarşısını alır. İkincisi, bu xidmət vasitəsilə səhiyyə, təhsil, hüquq və digər sahələrdə ehtiyac duyulan vacib məlumatlara operativ və doğru şəkildə çıxış təmin edilir. Üçüncüsü, surdotərcümə inklüziv iş mühitinin formalaşmasına, işəgötürənlərin bu kateqoriyadan olan şəxslərlə ünsiyyətə daha açıq olmasına şərait yaradır. Dördüncüsü isə bu xidmət, vətəndaş məmnunluğunu artırmaqla yanaşı, dövlət xidmətlərinin keyfiyyətini də yüksəldir.

Seçilən
7
aznews.az

1Mənbələr