AZ

“Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının 2025-cü ilin yanvar-iyun aylarında icra etdiyi işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə,dünyasını dəyişmiş sənətkarların nekroloquna, eyni zamanda ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub.

AKİ-dən XQ-yə bildirilib ki, rüblük informasiya bülletenində Azərbaycan Respublikasının Nazirlər kabinetinin kino ilə bağlı sərəncamı, eləcə də 1997-ci ildə qəbul olunmuş kinematoqrafiya sahəsinə aid olan 38 nömrəli qərarda dəyişiklik edilməsinə yer verilib. Bundan başqa, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinə baş direktorun təyin olunması, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin hərbi liseyin kursantları ilə görüşü, AKİ-nin birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın 80 illik yubileyi ilə bağlı “İstiqlal” ordeninə layiq görülməsi, onunla Mədəniyyət Nazirliyində görüş keçirilməsi haqqında da məlumat verilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə təkrar nəşr olunan, foto sənəti və bu istiqamətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edən, eyni zamanda, kino sənəti, operator sənəti, rəssamlıq, kinooperatorun və rəssamın birgə işi, fotonun onlarla bağlılığı, işıq effektləri və s. barədə geniş məlumatla zəngin olan “Fotokompozisiya” kitabının təkrar nəşri haqqında məlumat bülletendə yer alıb.

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş tədbir, AKİ İdarə Heyətinin üzvləri tərəfindən onun məzarının ziyarət olunması, Aranda kino günlərinə start verilməsi, film nümayişləri, AKİ-nin geniş tərkibli iclası haqqında məlumatlar da qeyd olunub.

Azərbaycan filmlərinin 98-ci Oskar mükafatına təqdimat komissiyasının start verməsi, “Azərbaycan kinooperatorları” kitabının çapdan çıxması, Bakıda Animasiya evinin rəsmi açılış mərasimin keçirilməsindən də bəhs olunub.

Xatırladaq ki, bülletenin nəşrində əsas məqsəd Azərbaycan Kinematoqrafçılar İttifaqının gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.

Kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ideyası əsasında yaradılmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin məsləhətilə çap edilir.

“Bülletenin budəfəki sayının üz qabığında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” bədii filmindən olan kadrdan istifadə olunub.

İnformasiya bülleteninin nəşrə məsulu, AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov, tərtibatçısı Ramil Ələkbərov, redaktoru Aygün Aslanlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
xalqqazeti.az

3Mənbələr