AZ

Vaxtı keçmiş dərmanları satanlara vəzifə verildi – Tibb sistemində kreslo oyunu » AzadMedia.az


Ölkədə tibb sahəsində rəhbər postlarda aparılan dəyişikliklər növbəti dəfə “köhnə qazan, yeni qapaq” prinsipini gündəmə gətirdi. 8 tibb müəssisəsində baş həkim və ya direktor dəyişdirildi. Amma bu dəyişikliklərin əksəriyyətində diqqətçəkən bir ortaq cəhət var: əvvəlki vəzifəsində uğursuz olmuş, cərimələnmiş, etimadı itirmiş şəxslər başqa bir xəstəxanaya “təltif” ediliblər.

Bu, sadəcə vəzifə dəyişikliyi deyil, bu, sistemin özü ilə bağlı ciddi problemdir.
Məsələn, Qusarın cərimələnən direktoru Sabunçuda müavin postuna gəldi, daha doğrusu gətirildi.

Qusar Rayon Mərkəzi Xəstəxanasının keçmiş direktoru Kamil Hacıyev artıq Sabunçu Tibb Mərkəzinin direktor müavinidir. Bu, o adamdır ki, Qusar məhkəməsinin qərarı ilə iki dəfə cərimələnib, son dəfə 20 min manat məbləğində. Yalnız bu fakt belə, onun idarəetməsinin hansı səviyyədə olduğunu göstərir.

Amma məsələ təkcə bu deyil; Kamil Hacıyev və həyat yoldaşı İlhamə Hacıyeva (xəstəxana aptekinin müdiri) xəstəxanada vaxtı keçmiş dərmanların satışını təşkil ediblər. Fakt araşdırılıb, prokurorluqda iş açılıb, amma cəza yalnız Kamil Hacıyevə tətbiq edilib. İlhamə Hacıyeva isə bu gün də eyni vəzifədə fəaliyyətini davam etdirir.

Bu, ictimaiyyət üçün təkcə acı ironiya deyil, bu, insanların sağlamlığına və həyatına birbaşa təhlükədir.

Uğursuz direktorlar yeni vəzifəyə nəyə əsasən gətirilir?

Məsələn, İmran Qurbanov Qobustan və Şamaxıda cəmi bir il yarım rəhbər postda qaldıqdan sonra indi Qusar xəstəxanasına direktor gətirilib. Bu təyinat hansı kriteriyaya əsaslanıb? Bu sual açıq qalır.

Yeni təyin olunan 30 yaşlı Natiq Əliyev isə artıq üçüncü xəstəxanasına rəhbərlik edir, son dayanacaq Şamaxı xəstəxanasıdır. Gənc kadrlara etimad yaxşıdır, amma bu təyinatlar da sanki kadr rotasiyası yox, “kreslo paylaşımı” ilə həyata keçirilir.
Sistemin içinə düşən labirinti açmaq olmur.
Açıq görünür ki, səhiyyə sistemində rəhbər təyinatları peşəkarlıq yox, tanışlıq və ya formal tələblərin ödənilməsi əsasında aparılır. Əgər bir direktor bir xəstəxananı yarıtmayıbsa, o zaman niyə digərinə təyin olunur?
Əgər bir şəxs cərimələnibsə, niyə daha böyük bir mərkəzə müavin qoyulur?
Əgər bir ailə – ər və arvad – tibb işçilərinə qarşı təzyiq göstəribsə, vəzifələrində niyə saxlanılırlar?
Bədəli xalq ödəyir ödəyir, daha doğrusu can hayında olanlar.

Bu vəzifə dəyişiklikləri cəmiyyətə xidmət etmir. İctimai etimadı olmayan şəxslərin səhiyyədə qalması tibb sahəsinə inamı sarsıdır. Hər kreslo dəyişikliyinin arxasında bir ailənin həyatı, bir körpənin sağ qalması, bir xəstənin düzgün müalicəsi dayanır.

Əgər bu sistem belə davam edəcəksə, vaxtı keçmiş dərmanlar kimi tibb sistemimiz də öz ömrünü başa vuracaq.
Yazıda jurnalist Alçina Amilqızının sosial media paylaşımından istifadə edilib.

Seçilən
22
1
azadmedia.az

2Mənbələr