Çin, Tibetdə Yarlung Tsangpo çayı üzərində dünyanın ən böyük hidroelektrik bəndinin tikintisinə start verib. 154 milyard avroluq layihə həm ekologiya, həm də geosiyasi sabitlik baxımından ciddi narahatlıq doğurur.
News24.az xəbər verir ki, layihə Hindistan və Banqladeş üçün həyati əhəmiyyət daşıyan Brahmaputra çayının mənbəyini əhatə edir. Bu isə Pekinə suyun axarına nəzarət edərək regionda təsir imkanlarını genişləndirmək fürsəti verir.
Mütəxəssislər Çin tərəfindən suyun “hərbi olmayan silah” kimi istifadə edilə biləcəyini istisna etmir. Hindistan isə bölgədə öz baraj layihələrini sürətləndirərək su münaqişəsini daha da gərginləşdirir.
Ətraf mühit qurumları bu addımın Himalayaların unikal ekosisteminə və bölgədəki minlərlə tibetlinin həyatına mənfi təsir edəcəyini bildirir. Layihə həm də zəlzələ riski yüksək olan ərazidə həyata keçirilir.
Xeyrənsə Piriyeva