Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının təşkilatçılığı ilə Zaqrebdə keçirilən “Məlumatların mühafizəsi təcrübələri” tədris səfərində iştirakı ölkənin rəqəmsal idarəetmə və informasiya təhlükəsizliyi sahəsində qarşıya qoyduğu strateji hədəflərə uyğun addım kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində Azərbaycanın aidiyyəti qurumlarının nümayəndələri fərdi məlumatların mühafizəsi, süni intellektin etik tətbiqi və Avropa standartlarına uyğun tənzimləyici yanaşmalarla yaxından tanış olub. Bu cür beynəlxalq təcrübə mübadiləsi həm qanunvericilikdə institusional uyğunlaşmanı, həm də texnoloji infrastrukturun gücləndirilməsini təşviq edir.
İnformasiya təhlükəsizliyi və rəqəmsal suverenlik çağdaş iqtisadiyyatların dayanıqlılığı və rəqabətqabiliyyətliliyi üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə də rəqəmsal transformasiya prosesi dərinləşdikcə, dövlətlər məlumatların işlənməsi və mühafizəsi ilə bağlı normativ çərçivələrin gücləndirilməsinə daha çox önəm verir. Azərbaycanın “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” və “2025-2028-ci illər üçün süni intellekt Strategiyası” kimi sənədləri bu baxımdan ölkənin milli informasiya məkanının təhlükəsizliyini təmin etmək məqsədilə atılmış mühüm addımlar sırasındadır. Tədris səfəri zamanı bu strategiyaların təqdim olunması həm iştirakçılar, həm də təşkilatçı tərəf üçün Azərbaycanın bu sahədəki konseptual yanaşmasını nümayiş etdirməyə imkan yaradıb.
Tədbir çərçivəsində müzakirə olunan Avropa İttifaqının GDPR qaydaları və 108+ Konvensiyası, fərdi məlumatların qorunmasında beynəlxalq miqyasda ən inkişaf etmiş standartlar hesab olunur. Azərbaycanın bu qaydaların tətbiq mexanizmləri ilə tanışlığı milli hüquqi çərçivənin modernləşdirilməsi baxımından praktiki əhəmiyyət daşıyır. Xüsusilə GDPR-ın tətbiqi həm dövlət strukturlarının, həm də özəl sektorun məlumatlarla işləmə prinsiplərinə şəffaflıq və hesabatlılıq gətirməklə vətəndaş etimadının artırılmasına və texnoloji innovasiyaların hüquqi mühitə inteqrasiyasına dəstək verir. Bu isə dolayı yolla iqtisadi aktivliyin və rəqəmsal xidmətlərin inkişafını stimullaşdırır.
Xorvatiya tərəfinin təqdim etdiyi təcrübələr, o cümlədən real sanksiya nümunələri və AZOP-un fəaliyyət mexanizmləri Azərbaycanın müvafiq qurumlarına monitorinq və tənzimləmə sahəsində daha effektiv modelləri mənimsəməyə imkan verir. Hədəf yalnız qanunvericiliklə məhdudlaşmamalı, onun tətbiqi və icra mexanizmləri də praktik, çevik və texnoloji dəyişikliyə uyğunlaşa bilən olmalıdır. Burada vətəndaş cəmiyyətinin iştirakçılığı və ictimai nəzarət imkanlarının genişləndirilməsi də mühüm rol oynayır.
Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə etik çərçivələrin formalaşması və bu texnologiyaların məlumat təhlükəsizliyi ilə uzlaşdırılması məsələsi artıq bir çox dövlətlərdə sosial və iqtisadi prioritetə çevrilib. Azərbaycan da bu qlobal tendensiyanı nəzərə alaraq, süni intellekt strategiyasını fərdi məlumatların mühafizəsi və rəqəmsal etik normalarla inteqrasiya etməyə çalışır. Xorvatiyada keçirilmiş tədbirdə bu istiqamətdə müzakirələr, Azərbaycanın süni intellektə dair gələcək hüquqi və texnoloji planlamasında daha balanslı və dayanıqlı yanaşmanı formalaşdırmağa yardımçı ola bilər.
Tədris səfərində Ədliyyə, Xarici İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin yanaşı Ombudsman Aparatı və ASAN Xidmətin də təmsil olunması mövzuya intersektoral yanaşmanın tətbiqini göstərir. Bu isə fərdi məlumatların mühafizəsi məsələsini yalnız texniki və hüquqi deyil, həm də institusional, etik və sosial müstəvidə baxılması baxımından əhəmiyyətlidir. Belə yanaşma informasiya təhlükəsizliyi siyasətlərinin təkcə inzibati deyil, həm də vətəndaş yönümlü və inklüziv şəkildə qurulmasına təkan verir.