AZ

Aİ “Horizon Europe” proqramı çərçivəsində İsrailin 200 milyon avroya çıxışını məhdudlaşdırıb

Avropa Komissiyası Qəzzadakı vəziyyətlə əlaqədar Avropa İttifaqı (Aİ) ilə İsrail arasında Assosiasiya Sazişinin 2-ci maddəsinin yenidən nəzərdən keçirilməsi çərçivəsində İsrailin “Horizon Europe” proqramında iştirakını qismən dayandırmağı təklif edib.

“Report”un Avropa bürosunun məlumatına görə, Aİ-nin rəsmi nümayəndəsi Toma Renye bildirib ki, bu, İsrail tərəfinin proqram çərçivəsində 200 milyon avroya çıxış əldə edə bilməyəcəyi deməkdir.

Qərar təsdiqlənəcəyi halda İsraildə təsis edilmiş təşkilatların Avropa İnnovasiya Şurasının (EIC) Akseleratorunda, yəni ikili istifadə potensialı olan inqilabi innovasiyalar və yeni texnologiyalara malik kiçik müəssisələr və startaplarda iştirakına təsir edəcək. Lakin bu, İsrail universitetləri və tədqiqatçılarının “Horizon Europe” çərçivəsində birgə layihələrdə və tədqiqat fəaliyyətində iştirakına şamil edilməyəcək.

Aİ-dən bildirilib ki, İsrail Qəzzada döyüş əməliyyatlarında gündəlik humanitar fasilə elan etsə və humanitar yardım və çıxış haqqında ümumi anlaşma çərçivəsində öhdəliklərinin bir qismini yerinə yetirsə də, vəziyyət ağır olaraq qalır.

İyulun 28-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın özünün, eləcə də Fransa və Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə keçirilən Fələstinlə bağlı konfransda çıxışı zamanı Aİ komissarı Dubravka Şuitsa Aİ-nin beynəlxalq hüquqa uyğun olaraq iki dövlətin yaradılması prinsipi əsasında Yaxın Şərqdə davamlı sülhə nail olmağa sadiqliyini təsdiqləyib.

"Biz İsrail və Fələstinin tanınmış sərhədlər daxilində sülh və təhlükəsizlik şəraitində yan-yana yaşadığını görmək istəyirik", - o bildirib.

Qəzzadakı vəziyyətdən danışan Şuitsa bildirib ki, İsrail blokadanı aradan qaldırmalı, daha çox humanitar yardım daşıyan maşının keçməsinə icazə verməli, onların Qəzzaya keçməsi üçün daha çox keçid məntəqələri açmalı, həm də yerlərdə ərzaq və yanacağın təhlükəsiz və maneəsiz paylanması üçün imkan yaratmalıdır.

O, həmçinin bildirib ki, Fələstin Administrasiyasını dəstəkləmək lazımdır.

"Biz bütün Fələstin ərazisində bir il ərzində prezident və ümumi seçkilərin keçirilməsi, bu məqsədlə partiyalar haqqında gözlənilən qanunun qəbul edilməsi barədə elanı alqışlayırıq", - Şuitsa qeyd edib. O əlavə edib ki, Aİ Fələstin Administrasiyasının dəstəklənməsinə növbəti üç il ərzində 1,6 milyard avro ayıracaq.

Seçilən
18
report.az

1Mənbələr