Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya İstintaq Komitəsi (İK) Zabaykal diyarında baş verən meşə yanğınlarında Ukraynanı günahlandırıb. Komitənin məlumatına görə, Ukrayna rusiyalıları meşələri yandırmaq üçün cəlb edir. Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi ("Terror aktı”) ilə cinayət işi başlanıb və regionun iki 16 yaşlı sakini saxlanılıb.
Qaynarinfo xəbər verir ki, istintaq versiyasına görə, iyun ayında saxlanılanlardan biri Ukrayna ərazisində olduğu güman edilən bir "kurator”la yazışmağa başlayıb. Həmin şəxs ona meşəni yandırmaq müqabilində 80 min rubl təklif edib. Gənc bu barədə dostuna da danışıb. Onlar birlikdə alışqanlar alaraq Çita rayonundakı Atamanovka kəndi yaxınlığındakı meşəyə gediblər, orada qurumuş otları və iynəyarpaqları yandırıblar, bu prosesin videosunu çəkərək "kuratora” göndəriblər, lakin vədlə verilən pulu almayıblar, deyə İK bildirir.
Komitə qeyd edib ki, yeniyetmələrin hərəkətləri böyükmiqyaslı meşə yanğınlarına səbəb olub, zərər 300 milyon rubldan çox qiymətləndirilib. 22 iyulda Çita rayon məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib. Saxlanılanlardan biri uşaq evinin yetirməsidir, digəri isə ailəlidir. İkinci gəncin anası bildirib ki, oğlu saxlanarkən işgəncəyə məruz qalıb — elektrik cərəyanı verilib, tellər cinsiyyət orqanlarına qoşulub.
Dindirilmə zamanı yeniyetmələr meşəni yandırdıqlarını etiraf ediblər, üstəlik sonradan könüllü kimi özləri də yanğınların söndürülməsində iştirak ediblər.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, ilin əvvəlindən 14 iyula qədər Zabaykalyedə 705 yanğın baş verib, ümumi sahə 3 milyon hektar (30 min km²) təşkil edib. Nazir Aleksandr Kurenkov isə ümumilikdə 4 milyon hektarın yandığını bildirmişdi. Bu rəqəmlər Belçika (təxminən 31 min km²), İsveçrə və Niderland kimi ölkələrin sahəsi ilə müqayisə oluna bilər.
Regionda federal səviyyədə fövqəladə vəziyyət elan olunub, ümumi zərər 3 milyard rubl olaraq qiymətləndirilib.
Hökumət orqanları daha əvvəl də yanğınlara qəsdən səbəb olan şəxsləri ittiham edirdilər. Zabaykal diyarının qubernatoru Aleksandr Osipov bəzi təxribatçıların Ukrayna ilə işlədiyini iddia etmişdi. Hakimiyyət cinayətkarın yaxalanması üçün 250 min rubl, onun haqqında məlumat üçün isə 150 min rubl mükafat təyin edib.
Zabaykalyenin təbii sərvətlər üzrə müvəqqəti naziri Pavel Voljin isə bildirmişdi ki, ümumilikdə 104 nəfərin yanğınlara səbəb olduğu müəyyən edilib, onların 42-si yetkinlik yaşına çatmayıb.
Alpər
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.