AZ

"Temu"da məhsullar bahalaşacaq?

Son vaxtlar “Temu” alış-veriş platformasında məhsulların qiymətlərində əvvəlki dövrlərlə müqayisədə artım müşahidə olunur. “Temu”dan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qiymətlər şirkətin il boyu müxtəlif məhsulları sərfəli qiymətlərlə sata bilməsi üçün müəyyən olunub. Qiymətlərin enməsi ilə bağlı isə zəmanət verilməyib. Marketoloq Bəylər Əlizadə Metbuat.az-a açıqlamasında bu bahalaşma mərhələsinin, əslində, öncədən hesablanmış strateji addım olduğunu söyləyib: “Buna marketinqdə "penetrasiya strategiyası" deyilir. Müştəri axını yaratmaq və brendi bazarda tanıtmaq, eyni zamanda platformada alışı asanlaşdıraraq bir növ müştəriləri platformaya öyrəşdirmək üçün qiymət endirimləri, hədiyyələrdən istifadə edilir. Lazımı axın yarandıqdan və sadalanan məqsədlərə çatdıqdan sonra qiymətlər artıq yavaş-yavaş artmağa başlayır ki, bu da həm “Temu”nun, həm də məhsul satanların mənfəətinə hesablanıb”. B.Əlizadə vaxtıykən “Trendyol”un da eyni addımı atdığını xatırladıb: “Şəxsi proqnozuma əsasən deyə bilərəm ki, qiymətlər artmağa davam edəcək. Hazırda məqsəd bazar payı qazanmaqdan mənfəəti artırmağa meyillənib. Bu mərhələ doyma həddinə çatandan sonra artıq “Temu” yeni addımlar atmağa başlayacaq. Bura məhsul çeşidinin artırılmasından tutmuş çatdırılma şərtləri, növbəti endirim dalğası və s. aid edilə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
metbuat.az

1Mənbələr