AZ

Evlilik qərarı hisslərlə yox, məntiqlə verilməlidir -

Müasir dövrdə ailə qurmaq təkcə iki gəncin deyil, bəzən bütöv ailələrin qərarına çevrilib. Xüsusilə oğlanların evlilik prosesində valideyn, əsasən də ana təsirinin çox olması tez-tez müzakirə olunur. Bir çox hallarda onlar öz şəxsi seçimlərini ortaya qoya bilmir, ailə qurmaq kimi önəmli bir qərarda belə sərbəst davranmaqdan çəkinirlər. Psixoloq Ülviyyə Murtuzova Metbuat.az-a açıqlamasında bildirib ki, birmənalı olaraq oğlanların seçimini analar edir və yaxud da onlardan asılıdır demək olmaz. Burada səbəblər müxtəlif ola bilər:

“Təbii ki, seçimi övlada da buraxmaq lazımdır, amma bu da bəzən düzgün qərar olmur. Müəyyən yaş dövründə qərarsızlıqlar, hisslərə qapılaraq verilən qərarlar, bəzən də ailə həyatı qurmaq istəyi xüsusi rol oynayır. Belə hallarda ağıl və məntiqlə hərəkət etmək lazımdır. Amma insanlar bəzən hisslərinə qapılıb ani qərarlar verirlər”. Psixoloq qeyd edib ki, evlilik uzunmüddətli qərar əsasında formalaşmalıdır: “Burada seçilən insanın xarakteri, psixoloji durumu, ailə tərkibi kimi amillər önəmlidir. Bəzən deyirik ki, ailənin həmin insana nə aidiyyatı var, amma əslində ailə böyük təsir gücünə malikdir. Ona görə də münasibətlərin müəyyən zaman tanıma mərhələsindən keçməsi və bu prosesdə valideynlərin münasibət bildirməsi doğru seçimə kömək edə bilər. Tam sərbəstlik vermək düzgün deyil, eyni zamanda övladın qərarına da hörmətlə yanaşmaq lazımdır. Əsas odur ki, ortaq məxrəc tapılsın”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
12
metbuat.az

1Mənbələr