AZ

Rüşvət: verirlər, yoxsa alırlar? KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Elçin Bayramlı

Bir dövlətin, bir cəmiyyətin ən böyük düşməni korrupsiyadır. Ona görə də, korrupsiyaya qarşı mübarizədə dövlətlə cəmiyyət eyni cəbhədə olmalıdır. Dövlət bu sahədə lazımi addımlar atır- korrupsiyaya qarşı mübarizədə milli fəaliyyət planı hazırlanıb, bir çox praktiki tədbirlər həyata keçirilib və s.

Bəs korrupsiya hallarının müəyyənləşdirilməsi, korrupsionerlərin məsuliyyətə cəlb edilməsi, dövlətə və vətəndaşlara dəymiş ziyanın ödənilməsi üçün ictimaiyyət nə etməlidir? Vətəndaş cəmiyyətinin burada çox böyük rolu ola bilər. Əksər ölkələrin təcrübəsi bunu bizə aydın göstərir. Təəssüf ki, bizdə vətəndaşlar belə məsələlərdə passivdir.

Vətəndaş cəmiyyəti “bu, mənim işim deyil, mən qarışmıram, mənə nə”, prinsipi ilə qurulmur. Azərbaycanda dövlətin, hakimiyyətin mənbəyi xalqdır və ölkə prezidenti həmişə vətəndaşları fəal olmağa, dövlət quruculuğunda, vətəndaş cəmiyyəti quruculuğunda iştirak etməyə, problem və nöqsanların aşkara çıxarılmasında öz töhfələrini verməyə çağrılır. Və dövlət başçısı özü ən sərt şəkildə neqativ halları, problemləri deyir, öz vəzifəsini yerinə yetirməyən məmurları sərt tənqid edir və cəzalandırır.

Bundan artıq nə olmalıdır ki, vətəndaşlar başa düşsün ki, vətəndaş məsuliyyəti vacib şeydir?! Bu gün inkişaf etmiş ölkələrə baxsaq görərik ki, məhz belə cəmiyyətlər qurulub. Bizdə isə bir çox hallarda “mən” “biz”dən üstün tutulduğundan heç kim özünü əziyyətə salmır. Sonra da deyirlər, filan məsələ niyə həll olunmadı…

Biri nədənsə çəkinir, bizi özünü kiminləsə pis eləmək istəmir, biri “mən niyə deyim, qoy başqası desin”, fikirləşir və s. Belə vətəndaşlıq olmur, belə cəmiyyət yaranmır. Bizdə cəmiyyətin əvəzinə rüşvətxor məmurlarla jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri mübarizə aparır, vətəndaşların əvəzinə onların hüquqlarını tələb edirlər. Birisi aparıb məmura zorla rüşvət verir ki, oğlunu işə düzəltsin və ya filan məsələni həll etsin, sonra da deyir, ölkədə rüşvət var. Bəli, rüşvət var, amma sənə görə var. Sən rüşvət verirsən deyə var. Rüşvət verən olmasa, alan da olmaz. Bu, adi məntiqdir.

Bu təfəkkürlə normal cəmiyyət, normal ölkə qurmaq mümkün deyil. Bu problemin həll olunması üçün əvvəlcə vətəndaş təfəkkürü dəyişməlidir. Müəllimlər günü, 8 mart kimi bayramlar qabağı bəzi valideynlər ortaya düşüb pul yığmaqla məşul olurlar ki, müəllimə versinlər. Halbuki bir çox müəllimlər, heç bir pul, hədiyyə tələb etməyiblər, hətta bəziləri sərt şəkildə xəbərdarlıq ediblər ki, bu məqsədlə pul yığılmasın. Buna baxmayaraq, valideynlər canfəşanlıqla bu rüşvətin yığılmasını təşkil edir və zorla müəllimə verməyə çalışırlar.

Ya da, tenderlərin keçirilməsində şəffaflıq yoxdur, kim kimə istədi tenderi verir və şişirdilmiş qiymətlərlə layihəni həyata keçirdir, beləliklə xeyli dövlət vəsaitini mənimsəyirlər. Bununla bağlı faktlar açıqlananda tədbirlər görülür, amma bir çox belə hallar haqda ümumiyyətlə məlumat verilmir. Belə ki, tenderdə haqsız uduzan şirkət belə heç yerə şikayət etmir, məsələni ictimailəşdirmir.

Ona görə də, biz həqiqətən də rüşvətsiz cəmiyyət, korrupsiyasız dövlət qurmaq istəyiriksə, hər birimiz bu prosesdə fəal olmalı və vətəndaş mövqeyimizi ortaya qoymalıyıq. Bunun üçün özümüzdən başlamaq kifayətdir- biz heç kimə rüşvət verməməli, belə hallar qarşılanda isə məsələni ictimailəşdirməli və müvafiq orqanlara çatdırmalıyıq.

Əgər bunu etmiriksə, deməli bu vəziyyət bizə sərf edir. Sərf edirsə, onda niyə şikayətlənirik ki? Şikayətləniriksə, bu vəziyyəti düzəltməyə çalışmalıyıq. Bunun üçün ən yüksək səviyyədə siyasi iradə də var, hüquqi baza da, ictimai platforma da.

Əsas prinsipi unutmayaq- rüşvət verən olmasa, heç kim ala bilməz! Beləliklə, bu problem həll olunmuş olar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
sesqazeti.az

1Mənbələr