“Paşinyanın reytinqi düşsə də, rəqiblərinin vəziyyəti ondan da pisdir”.
Politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın mövcud reytinq durumu və ölkədəki siyasi mənzərə ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, Paşinyan hazırda ictimai dəstəyin azalmasının fərqindədir və vəziyyəti yaxından izləyir.
“Paşinyan anlayır ki, reytinqi ciddi şəkildə aşağı düşüb. Amma o, eyni zamanda görür ki, rəqiblərinin vəziyyəti daha da acınacaqlıdır. Bu gün Koçaryan və Sarkisyan birlikdə belə Paşinyanın reytinqinə çata bilmirlər. Bu isə Paşinyanın hazırda nisbətən üstün mövqedə qalmasına imkan verir,” – deyə Qasımov bildirib.
Politoloq əlavə edib ki, Paşinyan hazırkı mərhələdə ya öz reytinqini artırmaq, ya da ən azı rəqiblərinin reytinqinin yüksəlməsinə imkan verməmək strategiyasını izləyir.
Oqtay Qasımov eyni zamanda Ermənistan ictimai rəy sorğularını aparan bəzi təşkilatların obyektivliyinə də şübhə ilə yanaşdığını bildirib:
“Bu sorğuları keçirən şirkətlərin etibarlılığı ilə bağlı müəyyən suallar var. Məlumata görə, həmin təşkilatlardan birinin rəhbəri Koçaryanın oğlu Levon Koçaryanla yaxın münasibətlərə malikdir və Ermənistan Bloku ilə əlaqələndirilir. Bu da sorğu nəticələrinin manipulyasiya olunması, Paşinyanın reytinqinin süni şəkildə aşağı, rəqiblərinin isə yüksək göstərilməsi ehtimalını artırır.”
Bununla belə, Qasımov vurğulayıb ki, Paşinyanın reytinqinin enməsi fakt olsa da, o, hələ də siyasi rəqiblərinə nisbətən daha əlverişli mövqedədir:
“Şübhəsiz ki, Paşinyanın reytinqi aşağı düşüb, amma rəqiblərinin durumu daha ağırdır. Bu da onun üçün müəyyən siyasi şans yaradır.”